İran hökumətinin və mediasının əfqan mühacirlərə qarşı ritorikası sərtləşib

İran hökumətinin və mediasının əfqan mühacirlərə qarşı ritorikası sərtləşib
  03 Oktyabr 2023    Oxunub:932
İranın indiki və keçmiş rəsmiləri, eləcə də bəzi İran KİV-ləri son günlər əfqan mühacirlərə qarşı bəyanatlarının və xəbərlərinin tonunu sərtləşdiriblər.
AzVision.az xəbər verir ki, İsfahan Xomeynişəhr nümayəndəsi Məhəmməd Təqi Nəqdəli İslam Şurasının iclasında öz bölgəsində əfqan mühacirlərin uşaqları üçün təhsil imkanlarının yaradılmasını “hücum” adlandırmaqla yanaşı, əfqanların tələbələrin ölkənin “təhlükəsizliyinə” təsir göstərdiyini bildirib.

“Mənim dairəmdə insanlar əcnəbilərin məktəblərə axınından narazıdırlar. Bu məsələ ictimai etiraza səbəb olur, parlament sədri məsələyə aydınlıq gətirməlidir”, - Nəqdəli deyib.

Eyni zamanda “HəmMihən” qəzeti İranın Pakistanın Lahor şəhərindəki keçmiş baş konsulu Mahmud Hüseyn Bəniəsədiyə istinadən İranda yaşayan Əfqanıstan vətəndaşlarına qarşı məqalə dərc edib. Həmin yazıda əfqanların İrana “hücum”unu iddia edən Bəniəsədi onların İranda mövcudluğunu “zorakılıq” adlandırıb.

- Əfqanlara unikal kodun (vətəndaşların müxtəlif xidmətlərdən yararlanması üçün zəruri olan 12 rəqəmli kod - red.), əfqanlara və onların ailələrinə vətəndaşlıq, iranlı qadın və əfqan kişilərin nikahından olan uşaqlara vətəndaşlıq verilməsi, Talibanla nümayəndə heyəti mübadiləsi, əfqanların İrana axını haqqında xəbərlər çoxalıb”, - Bəniəsədi qeyd edib.

Bu arada anası iranlı və atası əcnəbi olan uşaqlar üçün vətəndaşlıq qanununun ləğvi medianın, uşaq və qadın hüquqları müdafiəçilərinin tənqidi ilə üzləşib.Hüquq müdafiəçiləri hesab edirlər ki, anası iranlı və atası əcnəbi olan uşaqlara vətəndaşlıq verilməsi ilk növbədə iranlı ana və onun övladının hüququdur.

Lakin İranın Lahordakı keçmiş baş konsulu Mahmud Bəniəsədi “bəzi din xadimlərinin” açıqlamalarına əsaslanaraq, hökumətin əfqanlara vətəndaşlıq verməsinin siyasi məqsəd daşıdığını yazıb.

Bu il İrandakı əfqan mühacirlərinin sayı ilə bağlı dəqiq və etibarlı statistik məlumatlar dərc edilməsə də, 2022-ci ilin yanvarında Daxili İşlər nazirliyinin Xarici Vətəndaşlar və Mühacir İşləri üzrə nazir müavini ölkədə beş milyon Əfqanıstan vətəndaşının olduğunu bildirib.
AzVision.az


Teqlər: İran   Əfqanıstan  





Xəbər lenti