London: “Nur 3” peykinin orbitə çıxarılması təhdiddir

   London:    “Nur 3” peykinin orbitə çıxarılması təhdiddir
  04 Oktyabr 2023    Oxunub:789
Böyük Britaniyanın Xarici İşlər nazirliyi SEPAH-ın “Nur 3” peykinin orbitə buraxılması barədə yayılan xəbərlərə sərt reaksiya verib.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın Xarici Siyasət idarəsi İranın ballistik raket proqramını inkişaf etdirməkdə Tehranın siyasətini beynəlxalq təhlükəsizliyə qarşı təhdid kimi qiymətləndirib.

Britaniyanın Xarici İşlər nazirliyi İranın “Qasid” peykində uzaq mənzilli raket sisteminin inkişafı üçün zəruri olan texnologiyadan istifadə etdiyini bildirib. Bu bəyanatda İranın ballistik raket proqramını dayandırmaq üçün BMT Təhlükəsizlik Şurasının dəfələrlə tələb etməsinə baxmayaraq, belə bir hərəkətə keçdiyi vurğulanır.

“İranın hərəkətləri ölkənin beynəlxalq məhdudiyyətlərə məhəl qoymadığını və ölkənin qlobal təhlükəsizliyə ciddi təhdid olduğunu göstərir. Böyük Britaniya digər tərəfdaşları ilə birlikdə İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazımi diplomatik tədbirləri görməyə və bu rejimi öz bədxah fəaliyyətlərinə görə məsuliyyətə cəlb etməyə sadiqdir”, - bəyanatda deyilir.

Qeyd edək ki, Qərbdəki rəsmi dairələr hər dəfə İranın hərbi peyklər buraxmasını BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin pozulması kimi qiymətləndirir.

Bir həftə əvvəl SEPAH Aerokosmik qüvvələrinin komandanı “Qasid” peykinin “uğurlu” orbitə buraxıldığını və “Nur 3” peykinin 450 km uzaqlıqda orbitə yerləşdirildiyini iddia edib.
AzVision.az



Teqlər: İran   London  





Xəbər lenti