İdarəçilik göstəricilərinə görə İran dünyanın ən pis ölkələrindən biridir

İdarəçilik göstəricilərinə görə İran dünyanın ən pis ölkələrindən biridir
  05 Oktyabr 2023    Oxunub:881
İran idarəçilik göstəriciləri baxımından dünyanın ən pis ölkələri sırasında qərarlaşıb.
AzVision.az Dünya Bankının son hesabatına istinadən xəbər verir ki, maliyyə dəstəyi və bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən qlobal idarəetmə alt indikatorları layihəsində dünyanın 209 ölkəsi idarəetmə ilə bağlı altı komponent əsasında ölçülür və sıralanır. Hər parametr üzrə isə maksimum 100 bal nəzərdə tutulur.

“Qaydaların keyfiyyəti” alt indeksində heç 5 bal da toplaya bilməyən İran, Mərkəzi Afrika və Suriyadan sonra 209 ölkə arasında 199-cu yeri tutub.

Tənzimləmə keyfiyyətinə görə Sinqapur dünya ölkələrinin lideri, Şimali Koreya isə araşdırılan 209 ölkə arasında sonuncu yerdədir. Bu bölmədə İran 18 baldan bir qədər yüksək nəticə ilə 171-ci yerdədir.

Qlobal idarəetmə göstəriciləri hesabatının tərtibində araşdırılan digər komponent “ifadə azadlığı və hesabatlılıq” meyarıdır ki, sorğulara görə, İran 9 balla 189-cu yerdən yuxarı qalxa bilməyib.

Nəticələrə görə, İranın “zorakılıq və terrorizmsiz siyasi sabitlik” komponentində aldığı xal səkkizdən aşağı olub və bu, onu dünyada Niger və Burkina-Fasodan sonra 197-ci yerdə saxlayıb.

“Korrupsiyaya nəzarət” alt indeksində İranın “uğuru” 13 baldan bir qədər çox olub ki, bu da 181-ci yerə “layiq” görülüb.

Korrupsiya ilə yanaşı, “Qanunun aliliyi” indeksinə görə İran 18 baldan az nəticə ilə Liberiya ilə Anqola arasındakı 172-ci yeri tutub.

Bu hesabatın altı alt indeksində İranın xallarının əvvəlki illə müqayisəsi göstərir ki, tənzimləmə keyfiyyəti, qanunun aliliyi və korrupsiyaya nəzarət kimi üç komponentdə ölkənin vəziyyəti daha da pisləşib.

İranın son bir ildə bir sıra indikatorlar üzrə tənəzzülü digər təşkilatların da hesabatlarında ehtiva olunur.

Fevral ayında “Transparency International” təşkilatının dərc etdiyi hesabatda İranın Qvineya və Banqladeşlə birlikdə 2022-ci ildə korrupsiya qavrama indeksi cədvəlinin sonunda yer aldığı göstərilib.

Beynəlxalq Şəffaflıq Təşkilatı isə xatırladıb ki, son üç ildə İran korrupsiya, o cümlədən çirkli pulların yuyulması, siyasi və inzibati korrupsiya ilə mübarizədə heç bir irəliləyiş əldə etməyib.
AzVision.az



Teqlər: İran   tənəzzül  





Xəbər lenti