Pentaqon rəsmisi it boğuşdurmaq üstündə həbs olunub

   Pentaqon rəsmisi    it boğuşdurmaq    üstündə həbs olunub
  06 Oktyabr 2023    Oxunub:3136
ABŞ-ın Müdafiə Nazirliyinin rəsmi fotolarında Frederik Duqlas Murfild ağ köynəyin üstündən qara pencək geyinərək, qırmızı qalstuk taxır. Arxa fonda ABŞ bayrağı görünür. Yəni əsla it boğuşduran birinə bənzəmir. Amma zahiri görünüş həqiqətən aldadıcı olurmuş...
AzVision.az “The New York Times”a istinadla məlumat verir ki, 62 yaşlı Frederik Pentaqonun kommunikasiyalar departamentində rəhbər şəxslərdən biri olub. Ta ki bu yaxınlarda 49 yaşlı Mario Demion Flayt ilə yazışmaları ortaya çıxana qədər.

Merilend ştatının prokurorluğunun əlinə keçən yazışmalardan bəlli olub ki, onlar qeyri-qanunu şəkildə pulla it döyüşləri təşkil edirmişlər. Şifrələnmiş yazışmalarda ABŞ-ın müdafiə nazirliyinin iki rəsmisi boğuşdurmağa hazırlaşdırdıqları itləri necə məşq etdirmək, hansı itə nə qədər pul qoymaq haqqında ciddi strateji müzakirələr aparır, son döyüşlərdə ölən itlərin zəif tərəflərini müzakirə edirmişlər.

Araşdırmanın gedişində məlum olub ki, mister Murfildin it boğuşdurmaq sahəsində ən azı 20 illik təcrübəsi var. Yəni incəsənətdə köhnədir. Axtarış zamanı onun evindən 12 it və it boğuşdurmaq üçün lazım olan xeyli ləvazimat, keçmiş döyüşlərin izləri qalan əşyayi-dəlillər aşkarlanaraq, müsadirə olunub.

Hazırda hər iki şəxsə rəsmi ittiham elan edilib. Onları 5 ilə qədər həbs gözləyə bilər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Pentaqon  





Xəbər lenti