İsraildə hökumət vəziyyəti tam nəzarətə götürə bilmir

   İsraildə hökumət vəziyyəti tam nəzarətə götürə bilmir
  08 Oktyabr 2023    Oxunub:1311
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Conatan Konrikus Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ölkədə vəziyyəti tam nəzarətə götürməyin hələlik mümkün olmadığını bildirib.
“Biz hələ də mübarizə aparırıq, son evləri, qəsəbələri, icmaları və bazaları təmizləyirik.

Ümid etmək istərdim ki, biz İsraildə nəhayət suverenliyi və asayişi bərpa etdiyimizi deyə biləcəyik. Lakin buna hələ nail olunmayıb. Bu, bizim bir nömrəli prioritetimiz olacaq”, - polkovnik-leytenant CNN-ə bildirib.

Onun sözlərinə görə, İsrailə hücumda bir neçə yüz, bəlkə də minə qədər HƏMAS döyüşçüsü iştirak edib.

O, həmçinin qeyd edib ki, nəzarət bərpa olunduqdan sonra hökumət sərhədi bağlayacaq və HƏMAS-ın mövqelərinə zərbələr endirməyə başlayacaq.

Şənbə günü səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, onlarla Həmas döyüşçüsü İsrailin cənubundakı sərhəd bölgələrinə sızıb.

“Times of Israel” qəzeti Fələstin-İsrail münaqişəsinin qızışması nəticəsində yaralananların və xəstəxanaya yerləşdirilənlərin sayının 1864-ə yüksəldiyini yazıb.“Jerusalem Post” qəzeti isə 1,5 mindən çox insanın yaralandığını bildirib.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı şənbə günü İsrailə qarşı "Əl-Əqsa tufanı" əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri isə öz növbəsində Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başladığını elan edib.

İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib.

Əl-Qəssam Briqadaları (HƏMAS-ın hərbi qanadı) onlarla İsrail əsgər və zabitini əsir götürdüklərini bildiriblər.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti