HƏMAS-la qanlı təmas

// “Dəmir qılınc” necə sıyrıldı

   HƏMAS-la qanlı təmas
  09 Oktyabr 2023    Oxunub:1657
İsraillilər şənbə günü səhər saat 6:30 radələrində ölkənin cənubunda və mərkəzində həyəcan siqanallarının səsinə oyandılar. İsrailə, o cümlədən Təl-Əvivə misli görünməmiş raket hücumu nəticəsində ümumilikdə 2500 raket atıldı. Daha sonra raket hücumları təkrarlandı. Eyni anda bir neçə yerə - Aşkelona, Təl-Əvivə, Rişon-le-Siona və Qherot bölgəsinə birbaşa zərbələr endirildi.
Bir neçə saat keçməmiş HƏMAS-ın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın lideri Məhəmməd əl-Deyf “İsrailin təxribatlarına son vermək” və “Fələstin dövlətinin yaradılması layihəsinə qayıtmaq” üçün “Əl-Əqsa tufanı” əməliyyatına başlamaq qərarlarını açıqladı. Onun sözlərinə görə, təkcə ilk saat ərzində qruplaşma İsrailə 5 min raket atıb.

Raket hücumları ilə eyni vaxtda fələstinli yaraqlılar da qurudan, dənizdən və havadan İsrail ərazisinə soxulublar. Onlar motorlu paraplanlarla təhlükəsizlik divarının üstündən keçərək, İsrailin yaşayış məntəqələrinə hücum ediblər. Tunellər vasitəsilə də müdaxilələr olub. Bundan əlavə, fələstinlilər ağır texnika ilə divarı dağıdaraq, İsrailin yaşayış məntəqələrinə, Zikim hərbi bazasına və SAXAL-ın Raim yaxınlığındakı böyük qərargahına da hücum ediblər. HƏMAS yaraqlıları həmçinin Kfar Qəzza, Magen, Bari, Sofa, Sderot və Aşkelon şəhərlərinə, eləcə də İsrailin cənubundakı digər yaşayış məntəqələrinə də silahlı basqınlar ediblər.

Sderot şəhərində HƏMAS-ın yaraqlıları ilə döyüşə ilk girən polis olub və itkilər verib. Yalnız iki-üç saat sonra xüsusi təyinatlılar gələrək, terrorçuları təmizləməyə başlayıblar. Həmin gün axşam yerli media azı 250 israillinin öldüyünü və 1100-ə yaxınının yaralandığını bildirib. Amma hamı başa düşürdü ki, bu rəqəmlər son deyil. Döyüşlər davam edir, onlarla insan xəstəxanalarda ağır vəziyyətdədir.


İsrailin baş naziri Benyamin Netanyahu vətəndaşlara müraciətində bildirdi ki, “Bu səhərdən etibarən İsrail dövləti müharibə vəziyyətindədir”. Ondan əvvəl İsrail Ordusu da son onilliklər ərzində ilk dəfə müharibə vəziyyəti elan etmişdi. Eyni zamanda məlum oldu ki, nə onlar, nə xüsusi xidmət orqanları, nə də arxa cəbhə buna hazır deyil. Müharibə tam bir sürpriz oldu. İsraillilər bir həftədir ki, Sukkot, ardınca Simhat bayramlarını qeyd edirdilər. Çoxları məzuniyyətdə idi, səyahət edirdi. Ölkənin hər yerində festivallar, konsertlər keçirilirdi. Dindarlar sinaqoqlarda vaxt keçirirdilər. Bütün bunlar bir anda dayandı.

Benyamin Netanyahunun Nazirlər Kabinetinin məhdud tərkibli iclasında verdiyi açıqlamalara görə, İsrailin qarşısında bir sıra vəzifələr durur: ərazini yaraqlılardan təmizləmək, “düşməni cəzalandırmaq”, HƏMAS-a heç bir qüvvənin qoşulmaması üçün cəbhə xəttini gücləndirmək. Söhbət ilk növbədə, ənənəvi olaraq HƏMAS ilə həmrəylik nümayiş etdirən və fələstinliləri “sionist düşmənə qarşı uğurlu əməliyyat” münasibətilə təbrik edən “Hizbullah”dan gedirdi.

Şimaldan – Hizbullahın bazalarının olduğu Livan və Suriyadan gələn təhlükə ilə yanaşı, İordan çayının qərb sahilində və İsrail daxilində, o cümlədən, Qüdsdə fələstinlilərin radikal hərəkatlarının güclənməsi təhlükəsi də var. Artıq İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğu barədə xəbərlər yayılıb.

İsrail ehtiyatda olan hərbçiləri təcili toplamağa başladı. Şənbə günü ictimai nəqliyyatın işləmədiyini nəzərə alan ordu kömək üçün taksi xidmətlərinə müraciət edərək, onlara maşını hərbi qulluqçuları götürəcəkləri ünvanlara göndərib.

Şənbə günü günortadan sonra İsrail ordusu Qəzza zolağında “Dəmir Qılınclar” adlı hərbi əməliyyata başladığını elan etdi. Söhbət əsasən əməliyyatın hava mərhələsindən gedirdi. Qəzza zolağında quru əməliyyatı aparılması gündəmdədir. İsraillilər bu sektora sonuncu dəfə 2014-cü ildə daxil olublar.

İsrail diplomatik iş də aparır. Məzuniyyətdə olan bütün diplomatlara öz yerlərinə qayıtmaq əmri verilib. Gözlənildiyi kimi, ölkə ən ciddi dəstəyi ABŞ-dan aldı. Prezident Co Bayden lazım olan hər cür yardımı göstərəcəyini vəd edib və fələstinli yaraqlıların hərəkətlərini qətiyyətlə pisləyib. HƏMAS ilə aktiv şəkildə əlaqə saxlayan Misir və Türkiyə münaqişənin gərginləşməsinin aradan qaldırılmasında İsrailə yardım təklif ediblər.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti