Səfir Niderlandın siyasi partiyalarına müraciət etdi

Səfir Niderlandın siyasi partiyalarına müraciət etdi
  10 Oktyabr 2023    Oxunub:986
Ötən ay Azərbaycan lokal antiterror tədbirləri həyata keçirdi. Ölkəmiz regionda humanitar səylər və erməni əhalisinin reinteqrasiyası ilə bağlı planlar hazırlayıb. Gündəliyimizdə duran əsas məsələ Ermənistanla sülhün və regionda əməkdaşlığın inkişafıdır.
Bu fikirləri Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev yerli mətbuat orqanlarının nümayəndələri ilə görüşdə deyib.

Görüşdə Niderlandın “De Volkskrant” (Xalq qəzeti), “NRC Handelsblad” (Yeni Rotterdam qəzeti), “Holland Times” kimi aparıcı qəzetlərinin, eləcə də ümumavropa nəşri olan “Diplomatic Magazine”nin bir qrup jurnalisti iştirak edib.

Səfir jurnalistlərə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin səbəbləri və nəticələri, Azərbaycanın regionda humanitar dəstək səyləri və erməni əhalisinin reinteqrasiyası ilə bağlı planları, danışıqlar prosesinin perspektivləri, Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat verib. Diplomat Azərbaycan Prezidentinin Gürcüstana səfəri çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan arasında üçtərəfli formatda regional əməkdaşlığın mümkünlüyü ilə fikirlərini diqqətə çatdırıb.

Səfir R. Mustafayev “etnik təmizləmə” iddialarının, eləcə də Azərbaycana qarşı söylənilən bütün digər iddiaların əsassız olduğunu faktlarla diqqətə çatdırıb. Bildirilib ki, 1987-1991-ci illərdə Ermənistanda, 1991-1993-cü illərdə isə Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda yaşayan Azərbaycan əhalisinə qarşı əsl etnik təmizləmə aparılıb. Vurğulanıb ki, 1 milyon azərbaycanlının doğma yurdundan didərgin salınmasına, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləməyə beynəlxalq ictimaiyyət, Avropa və onun siyasi təsisatları göz yumub, ədalətsiz mövqe tutub. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ildir həllini gözləyən BMT qərarlarını reallaşdırıb və beynəlxalq hüququ bərpa edib.

Diplomat Ermənistandan zorla qovulmuş azərbaycanlı əhalinin öz yaşayış yerlərinə qaytarılması ilə bağlı Azərbaycan hökumətinin planlarından söz açıb, bunun beynəlxalq hüquq baxımından əsaslı olduğunu vurğulayıb.

Azərbaycan səfiri Cənubi Qafqazda sülhün bərqərar olmasında beynəlxalq ictimaiyyətin roluna toxunaraq, Niderland hökumətini İrəvanın destruktiv yanaşmalarını dəstəkləməkdən uzaqlaşmağa, Bakının regionda sülh və əməkdaşlıq mühitinin yaradılması və sülh müqaviləsinin imzalanması istiqamətində səylərini dəstəkləməyə çağırıb. O, təəssüflə qeyd edib ki, beynəlxalq hüququn və ədalətin paytaxtı sayılan Haaqa, Niderlandın siyasi partiyaları və parlamenti məhz Bakının qətiyyətli hərəkətləri və fəal diplomatiyası sayəsində regionumuzda beynəlxalq hüququn normalarının və ədalətin bərpa olunduğunu hələ də etiraf etmək istəmir.

Görüş zamanı jurnalistlərə qanunsuz erməni silahlı birləşmələrinin mövqelərinin ləğv edilməsi və onlardan müsadirə olunmuş silahlarla bağlı səfirlik tərəfindən hazırlanan sənədli film nümayiş olunub.

Qeyd edək ki, “De Volkskrant” və “NRC Handelsblad” Niderlandın ən böyük üçüncü və dördüncü nəşrləri sayılır.

AzVision.az



Teqlər:





Xəbər lenti