Yəmən və İraqda İranın dəstəklədiyi qüvvələr ABŞ-yə xəbərdarlıq edib

Yəmən və İraqda İranın dəstəklədiyi qüvvələr ABŞ-yə  xəbərdarlıq edib
  11 Oktyabr 2023    Oxunub:1189
ABŞ-nin Qəzza zolağında İsrail-HƏMAS müharibəsinə müdaxilə edəcəyi təqdirdə, Amerikanın bölgədəki qüvvələrinə hücum olunacaq.
AzVision.az xəbər verir ki, İraqda və Yəməndə İranın dəstəklədiyi silahlı qruplaşmaların liderləri Vaşinqtona belə xəbərdarlıq ünvanlayıblar.

Son günlər İsrailə hərtərəfli dəstək çərçivəsində bu ölkəyə daha çox sursat göndərəcəyini açıqlayan Vaşinqton, Aralıq dənizinin şərqinə bir təyyarədaşıyan gəmisini və onun müşayiət qrupunu göndərib.

Bunun qarşılığında Yəmən husilərinin lideri ABŞ-nin Qəzza zolağına müdaxiləsinə bu qruplaşmanın PUA-lar, raketlər və digər hərbi variantlarla reaksiya verəcəyini söyləyib. O, həmçinin husilərin öz hərbi hərəkətlərini “müqavimət oxunun” digər üzvləri ilə əlaqələndirməyə hazır olduğunu vurğulayıb.

“Müqavimət oxu” dedikdə İran tərəfindən dəstəklənən HƏMAS, “İslami Cihad”, Livan “Hizbullah”ı, İraq və Suriyada yerləşən döyüşçülər kimi silahlı qruplar nəzərdə tutulur.

İraq parlamentinin üzvü, “Fəth” qruplaşmaları koalisiyasının rəhbəri və İraqın “Xalq Səfərbərliyi” kimi tanınan silahlı qüvvələrin mühüm hissəsi olan “Həşd əş-Şabi”nin liderlərindən biri Hadi əl-Amiri Amerika qüvvələrinə hücumla bağlı xəbərdarlıq səsləndirərək, Vaşinqtonun müdaxiləsi qarşılığında özlərinin də müdaxilə edə biləcəyini açıqlayıb.

“Əgər amerikalılar bu münaqişəyə birbaşa və açıq şəkildə müdaxilə etsələr, biz Amerikanın bütün qüvvələrini qanuni hədəf sayacağıq və onlara hücum etməkdən çəkinməyəcəyik”, - iraqlı parlamentari deyib.
AzVision.az


Teqlər: husilər   ABŞ  





Xəbər lenti