Rusiya Qırğızıstanın hava məkanını qoruyacaq: Parlament təsdiqlədi

Rusiya Qırğızıstanın hava məkanını qoruyacaq:  Parlament təsdiqlədi
  11 Oktyabr 2023    Oxunub:1007
Qırğızıstan parlamentinin deputatları Rusiya Federasiyası ilə vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında sazişi ratifikasiya ediblər.
AzVision.az xəbər verir ki, bu barədə TASS Qırğızıstanın ali qanunverici orqanına istinadən məlumat yayıb.

"Parlamentarilər bu qanun layihəsini üçüncü oxunuşda təsdiqləyiblər", - mətbuat xidmətinin nümayəndəsi deyib.

Qeyd edilir ki, “Qırğızıstan Respublikası ilə Rusiya Federasiyası arasında Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumatı Qırğızıstan parlamentində müdafiə nazirinin müavini Almazbek Karasartov təqdim etmişdi.

Onun sözlərinə görə, bu sənəd əsasında Rusiya və Qırğızıstanın vahid regional hava hücumundan müdafiə sistemi yaradılacaq.

Müqavilə qüvvədə olduğu müddət ərzində Qırğızıstan tərəfi Kant şəhərində, Rusiya aviabazasının yaxınlığında 5 hektar ərazisi olan torpaq sahəsini hərbçilərə verəcək.

Xatırladaq ki, Qırğızıstan və Rusiya 2022-ci il avqustun 16-da birgə hava hücumundan müdafiə sistemi yaratmaq qərarına gəliblər. Parlamentin təsdiqindən sonra sənəd Qırğızıstan prezidenti tərəfindən imzalanmalıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Qırğızıstan   Rusiya  





Xəbər lenti