İlham Əliyevlə Putinin müzakirə edəcəyi məsələlər açıqlanıb

 İlham Əliyevlə Putinin müzakirə edəcəyi məsələlər açıqlanıb
  11 Oktyabr 2023    Oxunub:903
Oktyabrın 12-də Qırğızıstanda MDB sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək Qarabağdakı vəziyyəti və Rusiya sülhməramlıları mövzusunu müzakirə edəcək.
AzVision.az
Bu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

"Gündəlikdə Qarabağ ermənilərinin Azərbaycanın hüquq sahəsinə sülh yolu ilə inteqrasiyası, beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət olunması məsələsidir. Rusiya sülhməramlı kontingenti buna kömək etməyə hazırdır", - Kreml nümayəndəsi qeyd edib.

Kreml nümayəndəsi xatırladıb ki, sülhməramlı kontingentin mandatı 2025-ci ilin dekabrında başa çatır. “Bizim kontingentin mümkün istifadəsi üçün müxtəlif variantlar, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi konteksti də nəzərdən keçiriləcək”, - o qeyd edib.

Putinlə İlham Əliyev arasında gözlənilən görüşdən danışan Uşakov qeyd edib ki, Rusiya tərəfi bu təmaslara böyük önəm verir. "Rusiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir və dinamik inkişaf edir. Təbii ki, prezidentlər həm iqtisadi sahədə, həm də energetika və sənaye sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar".

AzVision.az


Teqlər:





Xəbər lenti