"Məişət zorakılığı ilə bağlı müraciətlər 3 dəfə artıb"- Bahar Muradova

   "Məişət zorakılığı ilə bağlı müraciətlər 3 dəfə artıb"-    Bahar Muradova
  06 Dekabr 2023    Oxunub:825
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə hər il təqribən 400-ə yaxın zorakılıqla bağlı müraciət daxil olur. Hər bir müraciət nəzarətə götürülür, zərər çəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir”.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, zərər çəkmiş şəxslərin aşkarlanmasında vətəndaş cəmiyyətinin və media subyektlərinin, sosial medianın xüsusi rolu var.

“Məişət zorakılığı törətmiş şəxslərin mənfi davranışlarının korreksiyası məqsədi ilə psixoloji reabilitasiya proqramı hazırlanıb və sınaqdan keçirilib. Milli Fəaliyyət Planının digər istiqaməti məişət zorakılığından zərər çəkmiş şəxslərin yardım mərkəzləri və sığınacaqlarla təmin olunmasıdır. Hazırda zərər çəkmiş şəxslər üçün doqquz yardım mərkəzi mövcuddur, onlardan beşi həmçinin sığınacaq xidməti göstərir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzi şöbəsi”, həmçinin qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası üzrə komissiya yaradılıb”.

B.Muradova qeyd edib ki, əvvəlki illərlə müqayisədə bu orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin sayı dəfələrlə artıb.

"Belə ki, 2020-də 38, 2022-də 148, 2023-cü ili 9 ayı ərzində 139 qısa müddətli mühafizə orderi verilib. Aparılan geniş miqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verib. Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə 3 dəfə artıb. Belə ki, 2020-də komitəyə 178, 2023-ün 11 ayı 550 müraciət daxil olub. Vaxtında və operativ yardım xidmətlərinin göstərilməsi zərər çəkmiş şəxslərin dövlət orqanlarına və digər xidmət subyektlərinə etimadını artırıb".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti