Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verildi |
Bununla bağlı AzVision.az -a danışan əsirin anası Şəlalə Axundova aldığı xəbərdən şok keçirdiyini deyib.
"Jurnalistlərdən, oradan - buradan xəbər tutdum. Bundan əvvəl heç bir dövlət qurumu mənimlə əlaqə saxlamayıb bu barədə deməyib. Çox ağır xəbərdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın məni qəbul etməsini istəyirəm. Onlara müraciət edirəm ki, mənə kömək etsinlər, bizim balamızı qaytarmaqda yardımçı olsunlar.
Oğlumdan sonuncu dəfə noyabrın 23-də məktub almışdım. Orada belə bir məhkəmənin olacağı ilə bağlı heç bir məlumat yazmamışdı. Məktubunda hamımızdan hallalıq istəmişdi.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Şahanə Rəhimli
AzVision.az