Nazir: Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var

  Nazir:  Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var
  09 Dekabr 2023    Oxunub:933
İqlim dəyişikliyi inkişaf etmiş və ya inkişaf etməkdə olan, böyük və ya kiçik olmalarına baxmayaraq bütün ölkələrə təsir edən və sərhəd tanımayan təhlükədir.
AzVision.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kofransının 28-ci Sessiyasında Azərbaycan nümayəndə heyəti adından çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

"İqlim dəyişmələrinin təsirləri getdikcə kəskinləşdikcə, səylərimizi birləşdirmək, qlobal əməkdaşlığı möhkəmləndirmək və fəaliyyətlərimizi vəziyyətin ağırlığına adekvat olmasını təmin etməliyik.
Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15%-i ölkəmizin payına düşür. Buna baxmayaraq emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul edib. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı il ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35% azaltmağı hədəf götürmüşük. Bununla yanaşı, biz bu il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrimizi (NDC) yeniləyərək 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarının 40% azaldılması olmaqla daha uzunmüddətli hədəf qoymuşuq" - nazir deyib.

Onun sözlərinə görə,
Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir:

"Bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30%-ə çatdırmağı hədəfləyirik. Biz həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk.

Hazırda azad edilmiş ərazilərdə münaqişə sonrası genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işlərini həyata keçiririk. Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. "Yaşıl enerji" zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon Neytral" zonasına çevirmək əzmindəyik".

Nazir deyib ki,
Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir:

"Daha iddialı öhdəlikləri irəli sürmək üçün gəlin bu tarixi fürsətdən istifadə edək.
Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus var".

AzVision.az



Teqlər: COP29   MuxtarBabayev  





Xəbər lenti