Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı araşdırma aparılıb

   Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı araşdırma aparılıb
  11 Dekabr 2023    Oxunub:926
Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlər araşdırılıb.
DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər.

DİN-dən bildirilib ki, bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Kürdəmir rayonunda 8-ci sinif şagirdinin nişan mərasimi görüntülərinin sosial şəbəkələrdə yayılması ilə bağlı Dövlət Komitəsinə daxil olan məlumat dərhal Kürdəmir rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya, eləcə də rayon Polis şöbəsinə göndərilib və faktın araşdırılmasına başlanılıb:

"Məlum olub ki, ailələr arasında kiçik nişan mərasimi təşkil olunub. Azyaşlının valideynləri rayon polis şöbəsinə və Kürdəmir rayon İcra Hakimiyyətinə dəvət edilərək onlarla profilaktik söhbət aparılıb və qanunvericiliyin tələbləri onların diqqətə çatdırılıb.

Daha sonra valideynlərin izahatları alınıb. İzahatda qeyd edilib ki, onlar etdikləri əməldən peşmandır və övladları 18 yaşına çatanadək nikah mərasimi baş tutmayacaq. Azyaşlı təhsilini davam etdirəcək. Hər iki ailə aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti