Hüseynlə Aqşin Azərbaycana qaytarıldı - Video |
Azərbaycana isə Ermənistanın əsir götürdüyü iki əsgərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov təhvil verilib.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova sevinc hisslərini AzVision.az -la paylaşıb:
"Yazın ki, ölü dirilib. Ölmüşdüm, bu gün dirilmişəm. Nə yerdəyəm, nə də göydə. Dünyaya yenidən gəlmişik. Övladlarımızı dünyaya yenidən gətirmişik.
Cənab Prezident bizə Yeni il sürprizi etdi. Aqşin bizim Yeni il hədiyyəmizdir. Elə bir hədiyyədir ki, heç nə ilə əvəz olunmur. Hüeynlə Aqşinin gəldiyi yollara qurban olum. Sevinclə döyünən ürəklərinə qurban olum. Cənab Prezidentin qarşısında baş əyirəm. Əlindən öpürəm. Sonsuz təşəkkür edirəm. Sağlamlığımız tükənsə də, hər günümüz 8 ay acılar içində keçsə də, bu gün acımız şirinə döndü".
Qeyd edək ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdur.
Şahanə Rəhimli
AzVision.az