"Bəzi yüksək ixtisaslı cərrahlar 60 min manat maaş alır" - Zaur Əliyev

  "Bəzi yüksək ixtisaslı cərrahlar 60 min manat maaş alır" -    Zaur Əliyev
  14 Dekabr 2023    Oxunub:902
Məqsədimiz dövlət xəstəxanalarında çalışan həkimlərin 1000 manatdan az maaş almamasıdər. Bu gün terapevtlər sabit əlavə və bonuslarla birgə orta hesabla 1600 manata yaxın maaş alır.
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, cərrah və oftalmoloqlarda bu məbləğ bir az çoxdur:

"Bu, digər ölkələrlə müqayisədə bir az aşağıdır. Xidmətlər zərfində bir çox qiymətlər artıb. Qurum tərəfindən xəstəxanalara xidmətlər çərçivəsində ödənən məbləğlər həmin əməliyyatları icra edən həkim-cərraha bonus olaraq yazılır. Cərrahlar təbii ki, nisbətən daha çox məvacib alır. Bu da onların icra etdiyi bahalı əməliyyatların qiymətlərinə görə dəyişir".

Sosial şəbəkələrdə həkimlərin 60 min manat maaş aldığı iddialara cavab verən Zaur Əliyev bildirib ki, bu, bəzi yüksək ixtisaslı cərrahlara şamil edilə bilər:

"Çox az sayda cərrahlar var ki, icra etdiyi bahalı cərrahi əməliyyatların bonusları, Vahid tarif cədvəli və aylıq sabit əlavələrlə birlikdə bu məbləği ala bilməsi mümkündür".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti