Qarabağa həyat və turizm qayıdır

// Tezliklə turistləri Qarabağ atları qarşılayacaqlar

   Qarabağa həyat və turizm qayıdır
  14 Dekabr 2023    Oxunub:950
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam Konfrans Mərkəzində "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" mövzusunda I Elmi-Praktik Konfrans keçirilib.
Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndəsinin məsləhətçisi Faiq Hacıyev bildirib ki, hazırda Qarabağ böyük tikinti meydançasını xatırladır: "İşğaldan azad olunmuş ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Şəhər, qəsəbə və kəndlərimiz, eləcə də sosial və baza infrastruktur layihələri paralel şəkildə icra olunur. Artıq bu torpaqlara həyat qayıdır. Füzuli şəhərinə 358, Tərtər rayonunun Talış kəndinə isə 20 ailə geri dönüb. Yaxın aylarda Füzulidə birinci yaşayış məhəlləsinin tikintisinin tamamlanması və ora ümumilikdə 846 ailənin köçürülməsi planlaşdırılır".

O deyib ki, Qarabağın hərtərəfli turizm potensialı burada həmin sahənin müxtəlif istiqamətlərini - təbiət, eko, müalicəvi, mədəni, dağ və s. inkişaf etdirməyə imkan yaradır. Bu il istifadəyə verilən Talış-Tapqaraqoyunlu və Suqovuşan-Talış avtomobil yolları ölkəmizin qərb rayonlarını Qarabağla daha da yaxınlaşdırır və turist səfərlərini asanlaşdırır.

Azıx və Tağlar mağaralarının artıq UNESCO-nun Ümüdünya İrsi üzrə ilkin siyahısına daxil edildiyini xatırladan Hacıyev deyib ki, bu abidələrin yaxınlığında yerləşın Tuğ kəndinin qoruq elan edilməsi turizm üçün yeni imkanlar yaradır.

"Erməni vandalizminə məruz qalmış tarixi abidələrimizin bərpası istiqamətində işlər davam edir. Ağdamda Pənahəli xanın imarət kompleksində və Ağdam Cümə Məscidində işlər gələn il başa çatdırılacaq",- Faiq Hacıyev bildirib.

Qarabağ deyəndə həm də etbarlılığı, dözümlüyü ilə məşhur olan yaraşıqlı və vəfalı Qarabağ atları yada düşür. Azərbaycanın sərvəti olan Qarabağ atları dünyanın ən qədim mədəni cinslərindən biridir. Faiq Hacıyev onu da deyib ki, Ağdamın Eyvazxanbəyli kəndində vaxtilə mövcud olmuş atçılıq zavodunun yerində yenidən atçılıq mərkəzi inşa olunacaq və turistlər üçün maraqlı məkanlardan birinə çevriləcək. Hazırda bu istiqamətdə layihələndirmə işləri davam etdirilir.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti