“Bloomberg”: Tayvanda müharibə 10 trilyon dollara başa gələcək

   “Bloomberg”:    Tayvanda müharibə 10 trilyon dollara başa gələcək
  09 Yanvar 2024    Oxunub:930
Tayvanda müharibə başlasa, bu, dünyaya 10 trilyon dollara, yəni Ukraynadakı münaqişədən və COVID-19 pandemiyasından daha baha, başa gələcək.
AzVision.az xəbər verir ki, məşhur “Bloomberg” agentliyi belə məyusedici hesablama açıqlayıb. Nəşrin iddiasına görə, Ukrayna böhranı və planetin digər qaynar nöqtələri Tayvan məsələsinə marağın artmasını şərtləndirir. Hətta mütəxəssis qiymətləndirmələri olmadan belə, adada ehtimal edilən eskalasiyanın nəticələrinin dağıdıcı olacağı açıq-aydın görünür.

Belə ki, Tayvan dünyanın ən böyük yarımkeçirici istehsalçısıdır. Adada çip istehsalçısı olan “TSMC” şirkətinin yalnız ən böyük 20 müştərisinin ümumi bazar kapitallaşması 7,4 trilyon dollardır. Bundan əlavə, Tayvan boğazı “dünyanın ən mühüm ticarət yollarından biri” rolunu oynayır.

“Bloomberg Economics” agentliyinin ekspertləri hadisələrin inkişafı üçün bir neçə mümkün ssenarini – materikdə yerləşən Çinin Tayvanı blokadaya almasından tutmuş oraya birbaşa daxil olmasına və ABŞ-nin sonrakı hərbi müdaxiləsinə qədər variantları öyrəniblər.

Gəlinən nəticəyə görə, bütün hallarda Tayvan iqtisadiyyatı çökəcək. Bədbin variantda onun iqtisadiyyatında 40% azalma baş verəcək. Çin - 16,7%, ABŞ - 6,7% iqtisadi ziyanla üzləşəcək. Digər Şərqi Asiya ölkələri də zərər görəcək, qlobal elektronika sənayesi isə çiplərdən məhrum olacaq. Bu halda ən böyük zərər Cənubi Koreya, Yaponiya və Cənub-Şərqi Asiyanın digər ölkələrinə dəyəcək.

Hərbi əməliyyatların olmayacağı, lakin Tayvanın Çin tərəfindən blokadaya alınacağı təqdirdə, adada ÜDM 12,2%, Çində 8,9%, ABŞ-da 3,3% azalacaq, dünya iqtisadiyyatı isə 5% itirəcək.

Ən pis halda qlobal ÜDM-in azalması 10,2%-ə və ya 10 trilyon dollara çata bilər ki, bu da COVİD-19 pandemiyasından və Ukraynadakı münaqişədən dəyən ziyandan çoxdur.
Hazırda bəşəriyyət Tayvanda daxili siyasi hadisələrin inkişafını diqqətlə izləyir. Çünki bir neçə gün sonra burada keçiriləcək prezident seçkilərinin nəticələri Çinlə Tayvan arasında münasibətlərə birbaşa öz təsirini göstərəcək.

Qeyd edək ki, bu yalnız potensial iqtisadi itkilər üzrə hesablamadır. Mümkün müharibənin neçə minlərlə insanın həyatı bahasına başa gələcəyi isə, görünür, dünya gücləri və analitik mərkəzlər üçün elə də maraqlı deyil.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tayvan   müharibə  





Xəbər lenti