Almaniyada sağçı populistlərin mövqeyi güclənir

//Onların fəaliyətinin qadağan edilməsi təklif olunur//

   Almaniyada    sağçı populistlərin    mövqeyi güclənir
  16 Yanvar 2024    Oxunub:974
Məşhur “Stern” jurnalı bu il Şərqi Almaniyanın Brandenburq, Saksoniya və Türingiya torpaqlarında (əyalətlərində) keçiriləcək seçkilərlə bağlı ictimai rəy sorğularının nəticələrini dərc edib. Hər üç ştatda səsvermənin açıq-aşkar qalibinin “Almaniya üçün Alternativ (AfD)” sağ populist partiyasının olacağı aydınlaşıb.
AzVision.az xəbər verir ki, “Forsa” ictimai rəyi araşdırma institutunun apardığı sorğuların nəticələrinə əsasən, Brandenburqda 32% səs toplayan AFD, hazırda orada hakim olan sosial- demokratları 10% geridə qoyur. 2019-cu ildə baş tutmuş əvvəlki seçkilərlə müqayisədə AfD mövqeyini demək olar ki, 9% yaxşılaşdırıb. Ən böyük itkilərə isə Almaniya sosial-demokratlar partiyası (ASDP), “Yaşıllar” və “Solçular” partiyaları məruz qalıb.

Saksoniyada 34% səs toplayan sağçı populistlər, hazırda orada hakim partiya olan və 30%-lik nəticə göstərən xristian-demokrat ittifaqını (XDİ) üstələyiblər. Türingiya torpağında isə seçicilərin 36%-i AfD-yə səs verməyə hazır olduğu halda, hakim solçu partiyaya respondentlərin cəmi 17%-i etimad göstərib.

Bu nəticələr, AfD-ni guya neonasist baxışlarına görə, qəbuledilməz sayan bütün parlament partiyalarını çətin seçim qarşısında qoyur. Çünki bu halda AfD-ni cəlb etmədən heç bir torpaqda işlək hökumət formalaşdırmaq mümkün olmayacaq. Bunun üçün üç və ya daha çox partiya lazımdır. Onların partiya maraqları və proqramları isə çox fərqlidir. Məsələn, Türingiyada məsələlərin böyük əksəriyyətində birbaşa əks mövqedə dayanan sol partiya və XDİ-dən hökumət yaratmaq lazım gələcək.

Məhz AfD-nin artan populyarlığı onun liderlərini kansler postuna iddialarını açıqlamağa sövq edib ki, bu da Almaniyada partlayan bomba təsiri yaradıb.

Partiyanın həmsədri və Bundestaqdakı (parlament) fraksiyanın rəhbəri Alisa Vaydel birbaşa bunu bəyan edərək, əhali arasında onlara rəğbətin artdığını vurğulayıb. Hazırda partiya üzvlərinin artımı həqiqətən də yalnız AfD-də müşahidə olunur. XDİ-də durğunluq hökn sürsə də, ASDP-da və “Yaşıllar”-da konkret olaraq azalma yaşanır. Berlinin “Tagesspiegel” qəzeti Alisa Vaydelin növbəti federal seçkilərdə partiya kanslerliyinə öz namizədini irəli sürəcəyini yazıb.

Buna görə də, əksər siyasi müşahidəçilərin fikrincə, AfD-ni yalnız sağçı radikal və ekstremist partiya kimi qadağan etməklə dayandırmaq mümkündür. Hakimiyyətin belə bir addım atması üçün son fürsət AfD-nin millətçi qanadı, XDİ və Alman dilini öyrənmə assosiasiyası, habelə ənənələrin xilası ilə bağlı olan mədəni ittifaqlar kimi bir sıra ictimai təşkilatların nümayəndələrinin gizli toplantısı barədə mətbuatın yaydığı xəbər olub.

“Spiegel” jurnalının məlumatına görə, Potsdamda keçirilən bu görüşdə alman xalqının mədəni irsinin miqrantların işğalından qorunması məsələləri müzakirə edilib. Jurnal bu mövzunu Almaniyadan miqrantların kütləvi surətdə qovulması şərtlərini müzakirə edən sui-qəsd nəzəriyyəsi kimi qələmə verib. İclas ötən ilin noyabrında baş tutub. Lakin müzakirə edilən mövzuların əhatə dairəsi və iştirakçılar məlum olduqdan sonra onun nəticələri ilə bağlı müzakirələr intensivləşib.

Hətta Almaniya vətəndaşları arasında sağ populist mühitdə immiqrasiya əleyhinə əhval-ruhiyyə ilə bağlı sorğular da aparılıb. Respondentlərin 42%-i ölkədə belə hisslərin təhrikçisi kimi AfD-nin fəaliyyətinə dərhal qadağa qoyulmasını tələb edib.

Qeyd edək ki, AfD və onun fəaliyyəti Konstitusiyanın müdafiəsi idarəsi və onun yerlərdəki şöbələrinin açıq, çox vaxt isə gizli nəzarəti altındadır. Onlar partiyaya qarşı bütün mövcud əks-kəşfiyyat üsullarından istifadə edirlər.

Hələlik isə, tanınmış siyasətçilərdən yalnız Almaniya prezidenti Frank-Valter Ştaynmayer AfD-nin qadağan edilməsi fikrinə ehtiyatla reaksiya verib. Onun reaksiyasını “Sonntagsblatt” nəşri belə izah edib.

“AfD-nin qadağan edilməsi ilə bağlı artan müzakirələrə baxmayaraq, hüquqşünaslarla yanaşı, federal prezident də belə bir qadağaya şübhə ilə yanaşır”, - nəşr yazıb.

Ştaynmayer qadağa əvəzinə AfD-nin əleyhdarlarına demokratik çoxluğun təşkilatlanmasını gücləndirməyi tövsiyə edib.

Xatırladaq ki, AfD partiyası sabiq kansler Angela Merkelin hakimiyyəti dövründə Almaniyaya artan miqrasiya fonunda yaradılıb.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   populistlər  





Xəbər lenti