Bu gün NATO-nun 4 ay davam edəcək təlimləri başlayıb

   Bu gün NATO-nun    4 ay davam edəcək təlimləri    başlayıb
  22 Yanvar 2024    Oxunub:1240
Soyuq müharibənin bitməsindən sonrakı dövrdə Şimali Atlantika alyansı “Steadfast Defender 2024 (Sabit müdafiəçi)” adlı dörd aylıq böyük təlimlərdən birini keçirəcək. Təlimlər “faktiki eynigüclü rəqib”lə münaqişəni əks etdirən formatda aparılacaq.
AzVision.az “Deutsche Welle” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, 90 minə yaxın şəxsi heyətin cəlb olunacağı təlimlərdə bütün NATO ölkələri və alyansa üzvlüyə namizəd olan İsveç iştirak edəcək. Mayın sonunadək keçiriləcək manevrlər Norveçdən Rumıniyaya qədər Avropa ərazisini əhatə edəcək.

Təlimlərdə, həmçinin təyyarədaşıyanlardan tutmuş esmineslərə qədər 50-dən çox gəmi, həmçinin 80-dən çox qırıcı, helikopter və pilotsuz təyyarə,133 tank və 533 piyada döyüş maşını daxil olmaqla ən azı 1100 döyüş maşını hərəkətə gətiriləcək.

“Sabit Müdafiəçi” 2024 manevr ssenarisi Rusiyanın NATO-nun kollektiv müdafiə müqaviləsinin 5-ci maddəsini işə salan müttəfiqlərin ərazisinə hücumunu nəzərdə tutur.

Şimali Atlantika alyansının Avropadakı birləşmiş silahlı qüvvələrinin baş komandanı Kristofer Kavolinin iddiasına görə, bu təlimlər NATO-nun quruda, dənizdə, havada, kiberməkanda və kosmosda “bir neçə ay ərzində, Uzaq Şimaldan Mərkəzi və Şərqi Avropaya qədər minlərlə kilometr məsafədə və istənilən şəraitdə” kompleks əməliyyatlar keçirə və dəstəkləyə bildiyini göstərəcək.

NATO-nun Hərbi komitəsinin rəhbəri Rob Bauer isə bu cür genişmiqyaslı təlimi alyansın yeni təhdidlərə hazır olması kimi qiymətləndirib. O, həm də müharibənin yalnız hərbçilərin işi olmadığını vurğulayıb.

- Bu, ABŞ-dan Avropaya qədər bütün alyansda, okeanın o tayında belə miqyasda yerləşdirə və təlimlər keçirə biləcəyimiz rekord sayda qoşundur. Ukraynada gördüyümüz kimi, məsələ müharibəyə gəlib çıxanda, bu, bütün cəmiyyətə təsir göstərir” , - Rob Bauer deyib.

Qeyd edək ki, son onilliklərin ən böyük manevrləri 2018-ci ildə 50 mindən çox hərbçinin iştirak etdiyi “Trident Juncture” təlimləri hesab olunurdu. Miqyasına görə, NATO-nun “Sabit Müdafiəçi” 2024 ilə müqaysiə oluna bilinəcək sonuncu təlimi 1988-ci ildə 125 mindən çox əsgərin iştirakı ilə keçirilib.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   təlimlər  





Xəbər lenti