Deputat: İlham Əliyevi təbrik edən Şarl Mişel makronlara dərs keçdi
Şarl Mişel çox təcrübəli siyasətçi olaraq təbii ki, bunu yaxşı dərk edir və dərk edə-edə bir çox dövlətlərin prezidentləri kimi cənab İlham Əliyevi qazandığı qələbəyə görə təbriki müsbət bir reallığı üzə çıxarır. O da budur ki, Avropa İttifaqı Şurasının Prezidenti makronlardan fərqli olaraq Azərbaycanın öz torpaqları üzərində suverenliyinin tam təminatının qəbul edilməsi və danışıqlar prosesinin məhz bu reallıq çərçivəsində irəliləməsi tərəfdarıdır. Ona görə də cənab Mişelin Brüsseldə üçtərəfli formatda görüşlərin bərpası ilə bağlı xahişinə Prezident İlham Əliyev müsbət cavab verib.
Rəsmi xəbərə görə, dövlət başçımız Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini deyib. Diqqət yetirin, Makron və digərlərinin yox, məhz Şarl Mİşelin təşəbbüsü ilə keçiirlən görüşün dəstəkləndiyi bildirilir. Bildirilir və göstərilir ki, Xankəndində verilən səsvermədə də əsas məqsəd məhz regionda sülhün təminatı, bu şəhərin adı çəkiləndə indən sonra göz önünə ilk növbədə Qarabağ Universiteti kimi təhsil mərkəzinin gəlməsidir.
Maraqlıdır ki, Şarl Mişelin Azərbaycan Prezidentinə zəngi ilə eyni gündə Ermənistan baş naziri parlamentdəki çıxışında Konstitusiyalarında ölkəmizə qarşı ərazi iddiası irəli sürüldüyünü daha konkret şəkildə dilə gətirərək onun dəyişdirilməli olduğunu vurğuladı. O, eyni zamanda sülh anlaşmasının mətnində “tərəflərin öz qanunvericiliklərinə istinadla üzərlərinə götürdükləri öhdəlikdən imtina edə bilməyəcəkləri haqda hər iki ölkənin artıq razılaşdırdığı bir maddə”nin olduğunu da etiraf etdi. Beləliklə, Brüssel danışıqları öncəsi hansı hazırlıqların görüldüyü və görülməli olduğu təqribən bəllidir ki, elə Ermənistan parlamentindəkilərin bir çoxu bunun məhz Azərbaycanın diktəsi altında baş verdiyini bildirirlər.
AŞPA-da baş verənləri qərbin, ölkəmizi artıq təcriddə saxlayacağı kimi dəyərəndirib bunu bayram edən Əli Kərimli və digərləri yəqin telefon danışığı zamanı cənab Mişelin “Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlığın” üzərində ayrıca dayanmasının, axırıncı məsələ ilə bağlı “konkret layihələr”in varlığından söz salmasının nə demək olduğunu yəqin anlayırlar. Anlayırlar ki, qərbdə bağlı olduqları çevrələrin seçkini boykot arzuları kimi, Azərbaycanı təcriddə saxlamaq planları da əgər vardısa, puç olub.
Sahib Alıyev, millət vəkili