Polkovnik Krouter: "NATO deyil, Aİ Kiyevə qoşun göndərməlidir"

   Polkovnik Krouter:    "NATO deyil, Aİ Kiyevə qoşun göndərməlidir"
  12 Mart 2024    Oxunub:762
NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin ali baş komandanının keçmiş köməkçisi, ABŞ ordusunun istefada olan polkovniki Aleksandr Krouter Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib.
O, Newsweek-ə açıqlamasında deyib ki, hələlik NATO Kiyev mövzusunda fəaliyyətsiz olduğu üçün, Avropa İttifaqı öz qoşunlarını Ukraynaya göndərməlidir.

"NATO-nun səssizliyi Avropa İttifaqının addım atması və real iş görməsi üçün böyük fürsətdir", - polkovnik qeyd edib.

Kiyevə qoşun göndərilməsi “fantom müzakirə"lərdir - "The Guardian"
Krouter onu da vurğulayıb ki, hərbi alyans “Avropa üçün kənardan gələn sərt hərbi gücə” reaksiyalar üçün cavabdehdir. Halbuki “qitədaxili sərt təhdidlər NATO-ya deyil, Avropa Birliyinə aiddir”. Məhz bu səbəbdən polkovnik Aİ-yə təklif edib ki, Avropa daxilində təhdidlər pik həddə çatdığı üçünqurum bundan istifadə etməlidir.

Amerikalı hərbçinin fikrincə, Şimali Atlantika Alyansı hazırda dalana dirənib. Bu səbəbdən də Ukraynanı açıq şəkildə dəstəkləmək üçün heç bir mühüm addım ata bilməz. Belə arzuolunmaz durum ən azı bu ilin iyulunda keçirilməsi planlaşdırılan növbəti NATO sammitinə qədər davam edəcək.

Dünən Çexiya prezidenti Petr Pavel EurActiv portalına müsahibəsində deyib ki, NATO qoşunlarının Ukraynada olması onlar döyüşlərdə iştirak etmədikcə beynəlxalq qanunların pozulması anlamına gəlməyəcək.

Qeyd edək ki, son zamanlar Ukraynaya Qərb qoşunlarının göndərilməsi daha çox müzakirə olunur. Fransa prezidenti Emmanuel Makron ötən ay Avropa İttifaqı (Aİ) ölkələrinin ordu birləşmələrini Ukraynaya göndərməsinin mümkünlüyünü etiraf edib. O, Parisdə Kiyevlə bağlı keçirilən konfransdan sonra deyib ki, toplantıda hətta quru qoşunlarının Ukraynada yerləşdirilməsinə dair imkanlar da müzakirə olunub. Bundan başqa, Fransa lideri Ukraynanın Qərb müttəfiqlərinin Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaratdıqlarını bəyan edib.

Bütün qalmaqallı açıqlamalar səbəb isə Rusiya hərbçilərinin Ukraynanın şərq cəbhəsində xeyli irəliləməsi olub. "Newsweek" bir müddət öncə Ukraynada təşəbbüsün Rusiya ordusunun əlinə keçdiyini yazmışdı.

Ötən həftə Forbes-də də Rusiyanın Ukraynada üstünlük əldə etməsinə dair maraqlı məqalə dərc olunmuşdu. Qeyd edilirdi ki, Ukrayna döyüşlərdə istifadə olunan bombaların sayına görə heç vaxt Rusiyanı ötməyəcək. Buna Qərbin dəstəyi də kifayət etməyəcək.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022 ilin fevralın 24-də başlayıb. Moskva ilk günlərdə qoşunları Kiyevə qədər yeridə bilsə də, sonrakı aylarda vəziyyət dəyişdi. Ruslar Qərbin Ukraynaya artan hərbi dəstəkləri fonunda geri çəkilmək məcburiyyətində qaldılar. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirsələr də, ciddi nəticələr əldə etmədilər. Son bir ayda isə vəziyyət yenidən Rusiyanın xeyrinə dəyişib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Qoşun     NATO  





Xəbər lenti