Prezidentimizə təbrik məktubları gəlməyə davam edir - YENİLƏNİB

   Prezidentimizə təbrik məktubları gəlməyə davam edir -  YENİLƏNİB
  27 May 2024    Oxunub:1590
28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə daha 2 təbrik məktubu göndərilib.
AzVision.az məktubları diqqətə çatdırır:

Rusiyanın "SAFMAR Qrupu" Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən:

"Sizi milli bayram - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edirəm. Müstəqillik Günü Azərbaycan vətəndaşları üçün mühüm bayramdır və onların Vətənin suverenliyi uğrunda fədakar mübarizəsinin gələcək nəsillər üçün böyük əhəmiyyətini əks etdirir. Bu günü 1918-ci il hadisələrindən ayıran zaman kəsiyinə baxmayaraq, Azərbaycan vətəndaşları bir əsrdən çox əvvəl öz əcdadlarının yeni qurduqları müstəqil dövlət ideallarına və prinsiplərinə eyni hörmətlə yanaşırlar.

Azərbaycan xalqının milli qüruru, vətənpərvərliyi və öz gücünə sonsuz inamı ölkə rəhbərliyinin müdrik siyasəti ilə birlikdə respublikaya iqtisadi və sosial sahələrdə uğurlar qazanmağa, ölkənin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə imkan yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan vətəndaşlarının rifahı naminə səmimi-qəlbdən bütün səylərinizin həyata keçməsini arzu edirəm".

* * *

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan:

"Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı üçün də qürur və xoşbəxtlik mənbəyidir.

Hər çətinlikdə bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarının qarşıdakı dövrdə "Bir millət, iki dövlət" prinsipi ilə daha da möhkəmlənəcəyinə, qardaş Azərbaycanın Bayrağının qədim torpaqlarında əbədi olaraq dalğalanacağına inamım qətidir.

Müstəqillik uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini minnətdarlıq hissi ilə yad edirəm.

Fürsətdən istifadə edərək, Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".

* * *

19:57
28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə daha 3 təbrik məktubu göndərilib.
AzVision.az məktubları diqqətə çatdırır:

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerdən:

"Sizə və Azərbaycan xalqına 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi göndərirəm.

İndiki dövr həll olunmamış münaqişələr və hamımıza təsir edən iqlim dəyişikliyinin nəticələrinin təhdidi baxımından bizi sınayır. Bizdən indi həmişəkindən daha çox tələb olunur ki, qarşılıqlı etimad və anlayış əsasında sülh içində gələcək üçün zəmin və planetimizdə harmoniya və firavanlıq dolu bir həyat üçün mühit yaradaq.

Sizin ölkənizlə qonşunuz Ermənistan arasında münaqişənin həlli üçün birgə səylər göstərmək istəyi bizim ölkələrimizin hökumət və xalqlarını birləşdirir. Əmin olun ki, bu münaqişənin regionun gələcəyinə artıq kölgə salmaması üçün Almaniya əlindən gələni əsirgəməyəcəkdir.

Builki COP29 iqlim konfransına ev sahibliyi edən Azərbaycan öz üzərinə xüsusi məsuliyyət götürmüşdür. Mən buna görə Sizə və Sizin həmvətənlərinizə təşəkkür etmək və Sizi iddialı iqlim siyasətinə mühüm təkan verməyə təşviq etmək istərdim.

Sizə və həmvətənlərinizə qarşımızdakı dövrdə sülh, əmin-amanlıq və hər şeydən əvvəl cansağlığı arzulayıram".

* * *

Bolqarıstan Prezidenti Rumen Radevdən:

"Ölkənizin milli bayramı münasibətilə səmimi təbriklərimi, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

İcazə verin, ölkələrimiz və xalqlarımız arasında səmərəli qarşılıqlı fəaliyyət və əməkdaşlıqdan məmnun olduğumu bildirim. Bir daha təsdiq etmək istəyirəm ki, Bolqarıstan Respublikası Azərbaycan Respublikası ilə gözəl dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir.

Əminəm ki, son danışıqlarımızdan və bu il mayın 8-də Bakıda Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanmasından sonra son illərdəki intensiv ikitərəfli siyasi dialoq yeni məzmun kəsb edəcəkdir. İnanıram ki, ikitərəfli münasibətlərimizdə tətbiq etdiyimiz praqmatik yanaşma gələcəkdə də müsbət dinamikasını davam etdirəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

* * *

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Serb Respublikasının xalqı və qurumları adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Fəxrlə demək istəyirəm ki, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşma və qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. Böyük tektonik geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar zamanı hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayış və hörmət son dərəcə vacibdir.

2024-cü il mayın 23-də BMT Baş Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı ölkənizin qlobal səhnədə müstəqilliyini sübut etməsi Sizin suveren siyasətinizin, liberal terrora və təkqütblü dünyanın yenidən qurulmasına qarşı birgə mübarizə aparmağın zəruriliyini dərindən dərk etdiyinizin sübutudur. Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq və bu məsələdə şərəfli mövqeyinizə görə dərin minnətdarlığımızı bildiririk.

Məmnuniyyətlə vurğulayıram ki, bir çox sahələrdə və seqmentlərdə ikitərəfli əməkdaşlığımız inkişaf edəcək və yüksələn xətlə davam edəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də hər iki xalqa xeyirli və faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi hörmət əsasında qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.

Hörmətli Prezident, Zati-aliləri, icazə verin, Sizə cansağlığı, dost Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayım".

AzVision.az


Teqlər: Azərbaycan   Almaniya   Bolqarıstan   Bosniya   Prezident   təbrik  





Xəbər lenti