Tomas de Vaal: “Azərbaycan Zəngəzuru bir neçə saata tuta bilər”

   Tomas de Vaal:    “Azərbaycan Zəngəzuru bir neçə saata tuta bilər”
  04 İyun 2024    Oxunub:5105
“Qara bağ: Ermənistan və Azərbaycan sülh və müharibə yolu ilə” adlı kitabın müəllifi, Cənubi Qafqaz üzrə tanınmış britaniyalı ekspert Tomas de Vaal ABŞ-nin “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində regionda baş verən prosesləri və Rusiyanın “gizli oyunları”nın detallarını açıqlayıb.
Məqaləsinə bu ilin aprelində Rusiya sülhməramlı kontingentinin gözlənilmədən Qarabağ bölgəsindən çıxarıldığını xatırlatmaqla başlayan müəllif, Azərbaycanın mühüm neft və qaz ehtiyatlarına, güclü orduya və həm Rusiya, həm də Qərb ilə qarşılıqlı faydalı əlaqələrə malik güclü oyunçu kimi meydana çıxdığını vurğulayır. Halbuki, regionun digər iki ölkəsi - Ermənistan və Gürcüstan tektonik sürüşmələr yaşayırlar.

Ekspert qeyd edir ki, Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistan Qərbə doğru daha qətiyyətli kurs tutub, Gürcüstanda isə hakim partiya Avropa və ABŞ ilə uzun illər ərzində mövcud olan sıx münasibətləri kəsməyə və Rusiya ilə yaxınlaşmağa çalışır.


Onun fikrincə, Cənubi Qafqazda baş verən dəyişikliklər fonunda Rusiyanın motivlərini anlamaq çətindir. Əsrlər boyu müxtəlif strateji əhəmiyyətə malik olan bu regionda imperiya təsiri Rusiyanın və ya Sovet İttifaqının digər yerlərində olduğu kimi güclü deyildi. SSRİ-nin dağılmasından sonra burada mümkün qədər çox qoşun saxlamaqla yerli etnik-ərazi münaqişələri ilə manipulyasiya edən Rusiya burada öz təsirini saxlamağa çalışırdı.

Amma Ukraynadakı müharibə və Qərbin sərt sanksiyalar rejimi bu hesablamaları dəyişdi. Azərbaycandan qoşunları çıxarmaq qərarına gəlməklə, Kreml Cənubi Qafqazda iqtisadi təhlükəsizliyin ən azı indiki sərt variantdan daha vacib olduğunu yaxşı anlayır. Belə ki, Rusiyanın cənubda sanksiyaları pozan biznes tərəfdaşlarına və ticarət yollarına böyük ehtiyacı var. Qərbin artan təzyiqləri fonunda o, həm də bölgəyə İran üçün arzu olunan yeni quru yolu mehvəri kimi baxır.

Tomas de Vaala görə, Cənubi Qafqazın üç ölkəsindən ən böyüyü və ən zəngini olan Azərbaycan Rusiya tərəfindən baş verən dəyişikliklərdən ən çox faydalanıb. Bakı iki boru kəməri vasitəsilə Gürcüstan və Türkiyə ərazisindən nəql olunan neft və qazı beynəlxalq bazarlara çatdırmaqla enerji sektorunda mühüm aktora çevrilib. Habelə, İranla həmsərhəd olan Azərbaycan həm də Moskva ilə Yaxın Şərq arasında qapı rolunu oynayır.

Müəllif Qarabağ müharibəsindən sonra Rusiya ilə Azərbaycan arasında strateji münasibətlərin genişləndiyini, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üçün birgə layihələrin həyata keçirildiyini xatırladır. Bu dəhliz isə Qərblə yeni ticarət yollarının yaradılması və sanksiyalara görə məruz qaldığı iqtisadi itkilərin kompensasiyası üçün Rusiyanın rəqabət planının tərkib hissəsidir.

Məqalədə əlverişli coğrafi mövqe və bloklara qoşulmamaq statusu sayəsində Azərbaycanın həm Qərblə, həm də Rusiya ilə əməkdaşlıq edə biləcəyinə diqqət çəkilir.

“Azərbaycan Orta Dəhlizin mərkəzi ölkəsidir. O, Avropa Komissiyası ilə 2022-ci ildə əldə edilmiş razılaşmadan sonra Aİ-yə qaz ixracını artırmaqla yanaşı, həm də Rusiyanın enerji ixracatçıları ilə ticarət etmək üçün ideal vəziyyətə malikdir.

Oksford Enerji Tədqiqatları İnstitutu mart ayında dərc olunan hesabatında ehtimal eidlir ki, yaxın müttəfiqi Türkiyə ilə əməkdaşlıq quran Azərbaycan, sanksiyalardan yan ötərək xarici bazarlara çıxa biləcək Rusiya qazı üçün qovşaq yaratmağa kömək edə bilər. Bununla yuanaşı, artan regional vasitəçi statusu sayəsində Azərbaycan, həm də Rusiyaya İranla daha güclü əlaqələr qurmaq məqsədlərini həyata keçirməyə imkan verə bilər”,
- britaniyalı ekspert vurğulayır.


Onun iddiasına görə, Rusiyanın Cənubi Qafqazda dəyişən ambisiyalarının əsas hissəsi İrana quru nəqliyyat marşrutlarının bərpası ilə bağlıdır. Bunun üçün isə ən cəlbedici marşrut Ermənistanın cənubundan Azərbaycanı həm İran, həm də Türkiyə ilə həmsərhəd olan Azərbaycan anklavı Naxçıvanla birləşdirəcək Zəngəzur Dəhlizidir. Bu marşrutu yenidən açmaqla Moskva Ukraynada döyüşən rus qoşunlarının mühüm silah tədarükçüsünə çevrilmiş Tehranla birbaşa dəmir yolu əlaqəsinə malik olacaq.

- Əslində, bu Şimal-Cənub mehvəri İkinci Dünya Müharibəsi zamanı İrandan şimala - Azərbaycandan Rusiyaya uzanan və Vaşinqtonun SSRİ-yə verdiyi Lend-Liz yardımının ən azı yarısını təmin edən avtomobil və dəmir yolu marşrutu olan Fars Dəhlizi kimi tanınan mehvəri canlandıracaq. Taleyin qəribə istehzası nəticəsində eyni mühvər indi ABŞ və Qərbə qarşı mübarizədə Moskva üçün həyati əhəmiyyət kəsb edir”, - Tomas de Vaal yazır.

O, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən, Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin Rusiyanın sərhəd qoşunlarının nəzarəti altında olacağının nəzərdə tutulduğunu xatırladır. Lakin Azərbaycan və Ermənistan hələ də bu dəhlizin açılması ilə bağlı razılığa gələ bilməyiblər. Ekspert Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanla sövdələşmə müaqbilində Rusiyanın öz sülhməramlılarını Qarabağdan çıxardığını da ehtimal edir.

Onun iddiasına görə, əgər açılan Zəngəzur dəhlizi Rusiyanın nəzarətinə keçsə, bu, həm Ermənistan, həm də Qərb üçün “kabus”a çevriləcək. Çünki belədə Ermənistan İrana birbaşa çıxışını itirəcək, Rusiya isə İranla dəmir yolu və avtomobil əlaqələrinin qurulmasında ciddi irəliləyişə nail olacaq.

Digər tərəfdən, Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün birgə hərəkət etsələr, Ermənistanın bunun qarşısını almağa gücü çatmayacaq. Tomas de Vaal vurğulayır ki, Azərbaycan istəsə, bir neçə saat ərzində Zəngəzur dəhlizi adlanan əraziyə zorla nəzarəti ələ keçirə biləcək hərbi potensiala malikdir.


Analitik Ermənistanda vəziyyətin geosiyasi baxımdan acınacaqlı olduğu və çox əlverişsiz bir vaxtda İrəvanın Qərbə dönüş etdiyinə diqqət çəkir.

“Qərbin problemləri xirtdəyə qədərdir və bunu yaxşı başa düşən Rusiya kimi regional dövlətlər burada Qərbin təsirini zəiflətmək hesabına öz mövqelərini gücləndirməyə çalışırlar” , - məqalənin müəllifi vurğulayır.

Tomas de Vaal Putinin Cənubi Qafqazın Rusiya üçün əhəmiyyətini yaxşı bildiyiyini, lakin 2022-ci ildən bu regiona diqqət yetirmək imkanının az olduğunu da yazır. Hazırda Moskvanın nə bütövlükdə bu bölgəyə, nə də Ukraynadan kənarda yerləşən digər regionlara münasibətdə nəzərəçarpacaq institusional siyasəti yoxdur. Müharibə isə onsuz da məsləhətləşməyə və ya ətraflı təhlilə maraq göstərməyən Kreml liderinin ifrat dərəcədə fərdiləşdirilmiş qərarlar qəbul etmək vərdişini daha da gücləndirib. Britaniyalı ekspert Moskvanın siyasətini belə qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vaal   Zəngəzur  





Xəbər lenti