Quş qripi yenidən yayılır: Yeni pandemiya gözlənilirmi?

   Quş qripi yenidən yayılır:    Yeni pandemiya gözlənilirmi?
  11 İyul 2024    Oxunub:2297
Son aylar ərzində bir sıra ölkədə "A" tipli qrip virusunun əmələ gətirdiyi quş qripinə həm heyvanlar, həm də insanlarda yoluxma halları artmaqdadır. ABŞ-də ilk dəfə südlük inəklərdə üzə çıxmış bu xəstəlik Avstraliya, Meksika, Çin, Hindistan, Vyetnam, Kamboca və başqa ölkələrdə insanlar arasında da vüsət alır.
Alimlər qripin müxtəlif ştammlarının, o cümlədən "H5N1" variantının mutasiyaya məruz qalaraq yayılmasından və pandemiya şəraitinə gətirib çıxarmasından narahatdırlar.

Doğrudur, hazırda insanlar bu xəstəliyə, adətən, quşlarla, quş əti ilə, habelə südlük mal-qaraya təmas nəticəsində yoluxurlar. Mütəxəssislər mutasiya baş verəcəyi təqdirdə qripin insandan-insana keçə biləcəyini də diqqətə çatdırırlar.

Hərçənd Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məsələ ilə bağlı arxayın açıqlamalar verir və indiki şəraitdə quş qripinin insan üçün problem yaratmadığını vurğulayır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi habelə oxşar bəyanat verib. Mərkəzin hesabatına görə, ABŞ-də bu xəstəliyə cəmi 5 nəfər tutulub ki, sonuncu fakt Kolorado ştatında qeydə alınıb.

Avropa Qida Təhlükəsizliyi Təşkilatının qripin yayılması ilə bağlı statistikası da vəziyyətin hələlik ciddi risk daşımadığını göstərir. Belə ki, 2024-cü il başlayandan bəri qripə müxtəlif ölkələrdə cəmi 21 nəfər yoluxub.

Aprelin 24-də Meksikada 59 yaşlı bir kişinin xəstəlikdən ölüm faktı aşkarlansa da, ölkənin səhiyyə orqanları onun qripdən yox, xroniki xəstəlikdən öldüyünü diqqətə çatdırıb. Eyni zamanda, Vyetnamda 21 yaşlı gəncin də vəhşi quşların hücumuna məruz qalaraq qripə tutulduğu, bir neçə həftə içində həyatını itirdiyi bildirilib.

Əlbəttə, quş qripinin insan sağlamlığına təhlükəsindən əlavə həyat şəraitinə, qida təminatına, ölkələrin iqtisadi vəziyyətinə mənfi təsiri də nəzərdən qaçırılmamalıdır. Yuxarıda da bildirdiyimiz kimi, xəstəlik bu ilk dəfə ABŞ-də südlük inəklərdə üzə çıxıb. İlk fakt cari ilin 25 martında Texasda aşkarlanıb və digər 12 ştatdakı mal-qaraya da yayılıb. (Qripin H5N1 ştammına yoluxmuş inəklərdə əsasən gözün selikli qişasının iltihabı baş verir, iştaha azalır və südvermə zəifləyir). Departament xəstəliklə mübarizə çərçivəsində 824 milyon dollar əlavə vəsait ayırıb.

Bu il ilk dəfə Almaniyada qripin "H7N5" adlı nadir ştammı üzə çıxıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, ölkənin şimal-qərbindəki Nordhorn qəsəbəsindəki quşçuluq fermasında 6 min quş xəstəlikdən ölüb; 84 879 quş isə risk səbəbi ilə tələf edilib.

Bu göstəricilərə baxmayaraq, Avropa Qida Təhlükəsizliyi Təşkilatı regionda vəziyyətin yaxşılaşmağa doğru getdiyini bildirir. Təşkilatın məlumatında vurğulanır ki, quşların qripə qarşı immunitet qazanması, müəyyən vəhşi quş qruplarının azalması, ətraf mühitin çirklənməsinin aşağı səviyyəyə enməsi, həmçinin virus genotiplərinin tərkibində dəyişikliklər belə bir qənaətə gəlməyə əsas verir. Hər halda, növbəti qrip mövsümü ilə əlaqədar vəziyyətin nəzarətdə saxlanması tövsiyə edilir.

Azərbaycanda qeydə alınmış ən axırıncı quş qripi faktı isə 2006-cı ilə aiddir. Həmin dövrdə çox sayda ev quşları tələf olub. İnsanlar arasında isə 3 yoluxma halı təsdiqlənib. Yoluxmuş şəxslərdən hər üçü (Salyan rayonundan 17 və 20 yaşlı iki qadın, Tərtərdən 21 yaşlı qadın) həyatını itirib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 2022-ci ildə yayımlanan "Quş qripinin qida təhlükəsizliyi üçün yaratdığı təhlükə və bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlər" adlı məqaləsində diqqətə çatdırılır ki, "köçəri quşların miqrasiya marşrutlarının Azərbaycandan keçməsi, habelə ölkə ərazisində məskunlaşma yerlərinin mövcudluğu quş qripinin yayılma riskini" daima canlı saxlayır. Eyni zamanda, Azərbaycanda quş qripinin yayılma ehtimalı qonşu ölkələrdəki vəziyyətdən də asılıdır. Xəstəliklə bağlı Rusiya, İran, Gürcüstan, Ermənistan, habelə Türkiyədə hələ ki hər hansı ciddi hal qeydə alınmasa da, təhlükənin reallığı öz mahiyyətini qoruyur.

Firudin Həmidli
AzVision.az


Teqlər: xəstəlik   quş-qripi   pandemiya  





Xəbər lenti