Meşələrdə yanğın təhlükəsizliyi necə təmin edilməlidir? - Açıqlama

  Meşələrdə yanğın təhlükəsizliyi necə təmin edilməlidir? -    Açıqlama
  26 Avqust 2024    Oxunub:476
Son dövrlər dünyada ən aktual məsələlərdən biri də meşə yanğınlarıdır. Qonşu ölkə Türkiyədə və bir neçə Avropa ölkəsində yanğınlara tez-tez rast gəlinir. Bəzən istilər səbəbindən baş versə də, ehtiyatsızlıqdan da yanğın ola bilər.
Bəs, meşələrdə yanğın təhlükəsizliyi necə təmin edilməlidir?

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşı Vüsalə Zahirova AzVision.az -a bildirib ki, yay fəslində havaların xüsusilə isti və quru olduğu günlərdə meşələrdə yanğınların başvermə ehtimalı artır:

"Burada, əlbəttə ki, təbii amillərin də rolu var. Aparılmış kütləvi maarifləndirmə və ciddi nəzarət tədbirləri sayəsində ölkəmizdə bu il yalnız bir meşə yanğını halı qeydə alınıb. Meşə yanğınlarının əsas səbəbi insanların yanğın təhlükəsizliyi qaydalarına riayət etməməsi, o cümlədən biçindən sonra bəzi fermerlər tərəfindən sahələrin yandırılması, təbiət qoynunda istirahət edən insanların odla ehtiyatsız davranışıdır.

İnsanların həyat və sağlamlığına zərər vurmamaq üçün meşədə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Belə ki, meşələrdə açıq alovdan istifadə etmək, tonqal qalamaq olmaz. Tonqal və ocağı yalnız xüsusi ayrılmış yerlərdə yandırmaq olar. Ərazini tərk edən zaman tonqal tam söndürülməli, üzərinə su tökülməli və sonra üstü torpaqla örtülməlidir. Tonqalın tam söndüyünə əmin olduqdan sonra ərazi tərk olunmalıdır! Tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yanğına səbəb ola bilər. Belə hallara yol verilməməlidir".

Qurum rəsmisi onu da qeyd edib ki, küləkli havada xüsusilə diqqətli olmaq lazımdır.

"Davamlı yanıq iyi, duman şəkilli tüstü, eləcə də heyvan və həşəratların narahatlığı, eyni bir istiqamətə təlaşlı hərəkəti meşə yanğınlarının əsas əlamətləridir. Yanğın, yaxud onun əlamətlərini aşkarlasanız, bu haqda dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verin".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti