İlon Mask: “ABŞ sürətlə müflisləşir”

   İlon Mask:    “ABŞ sürətlə müflisləşir”
  10 Sentyabr 2024    Oxunub:1416
Dövlət borcu üzrə faiz ödənişləri səbəbindən ABŞ müflis olur.
AzVision.az xəbər verir ki, “X” sosial şəbəkəsində yerləşdirilmiş “All-In” podkastında amerikalı sahibkar, milyarder İlon Mask belə deyib.

“Amerika sürətlə müflisləşir. Müdafiə nazirliyinin büdcəsi çox böyükdür. Bu, ildə bir trilyon dollar deməkdir. Amma dövlət borcuna görə faiz ödənişləri müdafiə büdcəsini üstələyir”, - milyarder vurğulayıb.

Bayden respublikaçıların büdcə layihəsinə veto qoyacaq
Amerikalı sahibkarın nəhəng dövlət borcu barədə bəyanatı ABŞ-da yeni maliyyə ilinin başlaması ərəfəsində səsləndirməsi heç də təsadüfi deyil. Belə ki, Ağ Evin administrativ-büdcə idarəsi hökumətin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı respublikaçıların təqdim etdiyi qanun layihəsinə prezident Co Baydenin veto qoyacağını açıqlayıb.

İlon Mask həmçinin bildirib ki, prezident seçkilərində respublikaçıların namizədi Donald Tramp qalib gələrsə, hökumətin tərkibini ixtisar etmək mümkün olacaq. Tramp isə, öz növbəsində, sahibkar milyarderə dövlət xərclərinin auditini etibar etmək niyyətində olduğunu söyləyib.

“Mən bütün federal hökuməti yoxlamaq və köklü islahatları tövsiyə etmək üçün səmərəli hökumət komissiyası yaradacağam. İlon ona rəhbərlik etməyə razılıq verib”, - Amerikanın keçmiş prezidenti deyib.

Tramp, habelə qələbə qazanacağı halda ABŞ-nin artıq 35 trilyon dolları ötmüş dövlət borcunu azaldacağını da vəd edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mask   ABŞ   iflas  





Xəbər lenti