Halperin: “Tramp teledebatda Harrisə uduzdu”

      Halperin:    “Tramp teledebatda Harrisə uduzdu”
  11 Sentyabr 2024    Oxunub:1235
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp teledebatda demokrat rəqibi Kamala Harrisə məğlub olub.
AzVision.az xəbər verir ki, mühafizəkar amerikalı siyasi müşahidəçi və şərhçi Mark Halperin Donald Trampla və Kamala Harris arasında dünən axşam keçirilən teledebatın nəticəsini belə qiymətləndirib.

“Harris sözün hərfi mənasında hər raundda qalib gəldi. Amma hazırkı debat əslində ABŞ-dakı seçkiqabağı yarışda əhəmiyyətli hadisə olmadı və heç kim tərəddüd edən ştatlarda hələ də mövqeyini müəyyənləşdirməmiş seçicilərin bu müzakirəyə necə reaksiya verəcəyini bilmir”, - Mark Halperin özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bir neçə onilliklər ərzində Amerika televiziya jurnalistikasında çalışan Halperin hazırda “Newsmax” nəşrinin şərhçisidir. Bu ilin iyul ayında öz mənbələrinə istinad edən ekspert faktiki olaraq Amerika prezidenti Co Baydenin seçkiqabağı yarışdan geri çəkiləcəyini proqnozlaşdırmışdı.

Lakin respublikaçıların hakimiyyəti dövründə Ağ Ev administrasiyasında məsul vəzifə tutmuş, hazırda isə təqaüddə olan məmurlardan biri Halperinin qiymətləndirməsi ilə razılaşmayaraq “Tramp möhtəşəm idi” ifadəsini işlədib. Yeri gəlmişkən, sabiq məmur indi Vaşinqtondakı “beyin mərkəz”lərindən birinin rəhbər strukturunda yer tutur.

Qeyd edək ki, dünən Pensilvaniya ştatının Filadelfiya şəhərində Trampla Harris arasında keçirilən teledebat “ABC News” telekanlı tərəfindən təşkil edilib.
Amerikanın bütün əsas televiziya xəbər şəbəkələri tərəfindən canlı yayımlanan bu raund yeganə teledebat ola bilər. Belə ki, prezidentliyə namizədlər ən azı daha belə bir görüşün olub-olmayacağı barədə hələ də razılığa gələ bilmirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Harris   debatlar  





Xəbər lenti