Respublikaçılar demokrat Baydenə müraciət ediblər

   Respublikaçılar demokrat Baydenə müraciət ediblər
  11 Sentyabr 2024    Oxunub:828
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki bir qrup respublikaçı deputat prezident Co Baydenə məktub göndərərək, onu Vaşinqtonun Ukraynaya verdiyi uzaqmənzilli raketlərdən, xüsusən də “ATACMS”-dan istifadə etməklə Rusiyadakı hədəfləri vurmaq üçün Kiyevə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
AzVision.az xəbər verir ki, müraciəti imzalayanlar arasında Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol, Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers, Daimi Kəşfiyyat Komitəsinin sədri Mayk Törner, Xarici Əlaqələr Komitəsinin Avropa İşləri üzrə sədri Tom Kin, Müdafiə Xərcləri üzrə alt Komitənin sədri Ken Kalvert və Helsinki Komissiyasının üzvü Riçard Hadson da var.

“Bayden-Harris administrasiyasının mənasız məhdudiyyətləri və çox vacib olan silahların tədarükündə gecikmələr Ukraynanın bu müharibəni qalibiyyətlə sona çatdırmasını əngəlləyir. Administrasiyanın kursu dəyişməsi və Ukraynanın Rusiyadakı qanuni hərbi hədəflərə qarşı ABŞ-nin verdiyi silahlardan istifadəsinə dair qalan məhdudiyyətləri götürməsinin vaxtı çoxdan çatıb”, - məktubda deyilir.

Məktub müəlliflərinin fikrincə, mövcud məhdudiyyətlər Rusiya qoşunlarına Ukraynaya cəzasız şəkildə hücum edə bilməsi üçün təhlükəsiz zona yaradır və Kiyevin Moskvanın başlatdığı təcavüzkar müharibədə Kiyevin qalib gəlməsi imkanlarına mane olur.

- Rusiyanın cəzasız qalaraq Ukraynaya qarşı müharibə cinayətləri törədə biləcəyi təhlükəsiz yeri olmamalıdır. Bu baxımdan, biz müharibənin ilk günündən ardıcıl olaraq təşviq olunan mümkün eskalasiya qorxusunu bölüşmürük”, - respublikaçı konqresmenlər vurğulayıblar.

Qeyd edək ki, dünən ABŞ-nin Dövlət katibi Antoni Blinken öz britaniyalı həmkarı Devid Lemmi ilə keçirdiyi birgə mətbuat konfrnasında Amerika prezidenti Co Baydenin bununla bağlı sentyabrın 13-də Böyük Britaniyanın baş naziri Kir Starmerlə müzakirəlar aparacağını bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: respublikaçılar   Bayden  





Xəbər lenti