ABŞ mediası: “Yeni və təhlükəli dövr başlayır”

   ABŞ mediası:    “Yeni və təhlükəli dövr başlayır”
  19 Sentyabr 2024    Oxunub:1747
Amerika KİV-ləri Livanda baş verən peycer və ratsiyaların partlayışlarını, bu hücumun nəticələrini və onun İsraillə Hizbullah arasındakı münaqişəyə təsirini təhlil ediblər.
AzVision.az xəbər verir ki, ABŞ mediasının hadisə ilə bağlı təhlillərini xülasə şəklində “Amerikanın səsi” radiosu hazırlayıb.

“The Washington Post (TWS)” qəzetində dərc olunan məqalənin müəlliflərinin fikrincə, bu hücum kiber müharibədə “yeni və çox təhlükəli dövrün” başlanğıcından xəbər verir.

“İnternetə qoşulmuş istənilən cihaz potensial olaraq silaha çevrilə bilər. Demək olar ki, hər bir ağıllı cihazdakı sxemlərlə onun təhlükəli nasazlığına səbəb olacaq dərəcədə manipulyasiya edilə bilər”, - materialda deyilir.

Qəzet yazır ki, gələcəkdə insanın əleyhinə işləyə biləcək cihaz onun şəxsi telefonu, soyuducusu və ya televizoru ola bilər. Habelə, bu hücumu kimin təşkil edə bilməsinə və bir çox əhəmiyyətli proseslərə təsir göstərəcəyinə diqqət çəklilir.

- İsrail çərşənbə axşamı hücuma görə məsuliyyəti üzərinə götürməsə də, buna ehtiyac da yox idi. Livan ərazisinə edilən bu qədər mürəkkəb və cəsarətli hücumu heç bir başqa ölkə təşkil edə bilməzdi. Bu hadisə hətta ABŞ-da keçiriləcək seçkilərə də təsir göstərə, Qəzzada atəşkəs və israilli girovların azad olunması şanslarını sarsıda bilər”, - materialın müəllifləri bildirirlər.

“The New York Times (NYT)” qəzetinin dərc etdiyi məqalənin müəllifləri isə peycerlərin “Hizbullah” üzvlərinin əlinə keçməmişdən əvvəl, çox güman ki, saxtalaşdırıldığını düşünürlər. Hər peycerdə batareyanın yanında kiçik miqdarda partlayıcı yerləşdirilib və partlayıcını işə salmaq üçün uzaqdan işə salınan açar quraşdırılıb.

Rəyi soruşulan analitiklərə istinadən “The New York Times” qəzetində dərc olunan başqa bir məqalədə isə bildirilir ki, peycerlər və rastiya vasitəsi ilə hücuma məruz qalması “Hizbullah”ı utandırıcı vəziyyətə salsa da, onu dayandıra bilmir.

“Hücum, şübhəsiz ki, qruplaşmaya ziyan vurdu və onu alçaltdı, onun Yaxın Şərqdəki ən mükəmməl anti-İsrail qüvvələrindən biri kimi imicini əhəmiyyətli dərəcədə ləkələdi. Lakin “Hizbullah” uzun bir uyğunlaşma tarixinə malikdir: o, 2006-cı ildə İsraillə apardığıı son böyük müharibədə çoxlu döyüşçüsü itirdi, lakin sonrakı illərdə daha da gücləndi”, - materialın müəllfifləri xatırladırlar.

Qəzetin fikrincə, “Hizbullah” liderləri, çox güman ki, cavab vermək üçün təzyiq hissi ilə İsraillə hər iki tərəf üçün fəlakətli nəticələrə səbəb ola biləcək genişmiqyaslı müharibədən qaçmaq istəyi yolayrıcında “ilişib qalıblar”.

“The Wall Street Journal (TWSJ)” qəzetinin yazdığına görə, İsrail kəşfiyyatının “Hizbullah”ın kommunikasiya təchizatı zəncirinə necə nüfuz edə bildiyi hələ də qaranlıq olaraq qalır. “Hizbullah” İsraillə texnoloji və kəşfiyyat sahəsindəki boşluğu aradan qaldırmaq istəyir, lakin indi əvvəlkindən daha çox bunun fərqindədir.

Yaxın Şərq münaqişəsinin təhlili üzrə ixtisaslaşmış ekspertlərə istinad göstərən “Fox News” İsrailin regionda mühafizəni bərpa etmək üçün parlaq əməliyyat həyata keçirdiyini bildirir.

- İsrailin bölgədəki əsas strateji problemi düşmənlərinin ona hücum etməsinin qarşısını almaq üçün çəkindirmə qabiliyyətini itirməsidir. Belə əməliyyatlarla İsrail düşmənlərinə nəyə qadir olduğunu, onların gözləmədiyi üsullarla və vasitələrlə hərəkət edə biləcəyini göstərir. Bunun uzunmüddətli perspektivdə təsirli olub-olmayacağını isə biz hələ görəcəyik”, - məqlaədə vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Livan   İsrail   partlayışlar  





Xəbər lenti