Baqratın hərəkatında "yarpaq tökümü" başladı

   Baqratın hərəkatında  "yarpaq tökümü"  başladı
  21 Sentyabr 2024    Oxunub:1095
Ermənistanın inqilab arzusunda olan revanşist keşişi Baqrat Srbazan müxalifətdən ilk zərbəni alıb.
Yerli medianın yaydığı məlumata görə, “Milli Demokratik Qütb” radikal bloku arxiyepiskopun “Vətən uğrunda Tavuş" (Müqəddəs mübarizə) etiraz hərəkatı ilə əməkdaşlığı dayandırmaq barədə bəyanat yayıb.
"Milli Demokratik Qütb" bəyan edib ki, "bu ilin may ayında başlayan hərəkatın bəzi qəbuledilməz addımları səbəbindən bundan sonra qarşılıqlı əlaqələr qurmaq yersiz hesab edilir".

Baqrat çevrilişə hazırlaşır - Keşiş hərbi canilərlə görüşdü
Qalstanyan blokun hərəkatdan uzaqlaşmasına reaksiya verib. Keşiş Yerablur panteonunda olarkən jurnalistlərə deyib ki, guya burada mənfi heç nə yoxdur: “Bu, universal hərəkatdır, siz istənilən vaxt ona qoşula və ya onu tərk edə bilərsiniz”.

Arxiyepiskop Baqrat Qalstanyan sentyabrın 12-də Ermənistanın eks-prezidentləri, hərbi canilər Robert Koçaryan və Serj Sarkisyanla görüşmüşdü. Bəzi saytlar bunu çevrilişə hazırlıq kimi qiymətləndirmişdilər.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da Bakı ilə İrəvanın Tavuş istiqamətində sərhədin delimitasiyasına başlamasından sonra aktivləşib. İnqilabçı keşiş razılığın əldə olunmasını görən kimi revanşistləri fəallaşdırmağa başlayıb. O, mayın 9-da Tavuşdan İrəvana təşkil olunan yürüşə rəhbərlik edib. Arxiyepiskop Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırsa da, iyun ayında etirazları dayandırdı. Lakin hərəkat payızda aktiv siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Keşiş   Blok  





Xəbər lenti