Mikroplastik təhlükə: Nəfəsdən beyinə

      Mikroplastik təhlükə:    Nəfəsdən beyinə
  22 Sentyabr 2024    Oxunub:1915
Braziliyalı alimlərin tədqiqatları nəticəsində üzə çıxıb ki, insan nəfəs aldıqca beyinin iybilmə soğanağına (qoxuların emalını həyata keçirən hissə) mikroplastik hissəciklər yığılır...
Tədqiqatın "JAMA Network Open" elmi jurnalında yayımlanan nəticələrinə əsasən, 33 yaşdan 100 yaşadək 15 ölmüş insanın iybilmə soğanaqları üzərində analiz aparılıb. Onlardan 8-də mikroplastiklər (ölçüsü 5 millimetrdən kiçik plastik zərrəciklər) hissəciklər aşkarlanıb ki, ölçüləri 5,5 ilə 26,4 mikrometr arasında dəyişir.

Havada külli miqdarda yayılan, orqanizmə əsasən tənəffüs vasitəsilə ötürülən plastik zərrəciklər əvvəllər insanların ağciyərində, bağırsağında, qaraciyərində, qanında, xayalarında və spermasında tapılıb.

Alimlərin uzun müddətdir gəldikləri qənaətə əsasən, beyin-qan baryeri (qan dövranı sistemi ilə mərkəzi sinir sistemini ayıran maneə) həmin zərrəciklərin beyinə nüfuzunun qarşısını alır. Hazırkı nəticələr isə göstərir ki, iybilmə soğanağı mikroplastiklərin bu həyati əhəmiyyətli orqana keçidi üçün potensial yoldur.

"Belə bir vəziyyətdə neyrotoksik təsirlərə malik plastik zərrəciklərin insan sağlamlığına təsiri mütləq araşdırılmalıdır", - tədqiqatın müəllifləri yazırlar.

(Ekologiya mühəndisi Luis Fernando Amato-Lorenko)

Müəlliflərdən biri, Braziliyanın San-Paulu Universitetinin tədqiqatçısı, ekologiya mühəndisi Luis Fernando Amato-Lorenkonun sözlərinə görə, mikrozərrəciklərin tənəffüs əsnasında beyinə nüfuzu burnun selikli qişası ilə serebrospinal maye arasında qarşılıqlı əlaqənin hesabına meydana gəlir; nəticədə zərrəciklər sümük strukturundakı kiçik dəliklərdən iybilmə soğanağına keçir.

Nyu-Yorkda yerləşən Lonq-Aylend Yəhudi Tibb Mərkəzinin tibbi toksikologiya üzrə mütəxəssisi, həkim Vels Brambl isə əlavə açıqlama verərək diqqətə çatdırır ki, burundan iybilmə soğanağına uzanan qoxu sinirlərində beyin-qan baryeri yoxdur, ona görə də zərrəciklər hər hansı maneə ilə üzləşmir.

(Toksikologiya üzrə mütəxəssis, həkim Vels Brambl)

San-Paulu Universitetinin patologiya üzrə tədqiqatçısı Tais Mauadın fikrincə, insan beyninə daha çox plastik zərrəciklərin yayılması mümkündür. Çünki ölçüsü 1 nanometrdən (nm) 0,001 millimetrədək (mm) dəyişən nanoplastiklərin bədənə nüfuzu daha asandır.

(Patologiya üzrə tədqiqatçı Tais Mauad)

"Bu hissəciklərin hüceyrələr tərəfindən sorulma imkanı və bədənimizin fəaliyyətini dəyişdirmə gücü narahatlıq doğurur", - xanım alim bildirir.

Hər halda, iybilmə soğanağında plastik zərrəciklərin aşkarlanması onların beynin digər sahələrində, məsələn, düşünmə və anlama prosesləri ilə əlaqəli hissələrində də mövcudluğuna dəlalət etmir. Tədqiqatçılar bu zərrəciklərin soğanaq vasitəsilə həmin hissələrə də yayıla biləcəyini hələlik dəqiqləşdirməyiblər.

Alimlər bütün ətraf mühitə yayılmış mikroplastikləri "XXI əsrin ən böyük ekoloji problemi" adlandırırlar. İnsanlar hər gün fərqinə varmadan onlara məruz qalırlar. Çiməndə, yaxud paltar yuyanda şampunların, gellərin, skrabların, diş pastalarının, eləcə də yuyucu və təmizləyici vasitələrin tərkibindəki minlərlə mikrohissəciklər çirkab suya qarışır. Sintetik parçalar yuyulanda üzə çıxan ayrıca mikroplastik liflər də kanalizasiyaya axır. Beləliklə, bu zərrəciklər kiçik ölçüləri səbəbi ilə filtrasiya sistemlərindən asanlıqla keçərək çayları və okeanları çirkləndirir. Odur ki onlara hər yerdə, hətta Arktika və Antarktidanın buzlaqlarında rast gəllmək təəccüblü deyil.

Şübhəsiz, bu, ya digər şəkildə içməli su mənbələrini, eyni zamanda, yeməli dəniz məhsullarını da (məsələn, mikroplastik tərkibli plantkonlarla qidalanmış balıqlar) istehlaka yararsız hala gətirirlər. Plastik tullantıların (məsələn, sellofan paketlər, butulkalar) günəş işığı və duzlu su altında kiçik hissəciklərə parçalanması nəticəsində də ikinci dərəcəli mikroplastiklər əmələ gəlir.

Yolda hərəkət zamanı aşınan avtomobil təkəri şinləri, asfalt örtüyü, boya və s. kimi inşaat materialları da havaya mikroplastiklər yaymaqdadır. ABŞ alimlərinin tədqiqat nəticəsində gəldikləri qənaətə əsasən, mətbəxdə işlədilən plastik kəsmə taxtası da bu zərrəciklərin yayılma mənbələrindəndir. Belə ki, polietilendən hazırlanan kəsmə taxtaları istifadə əsnasında ildə 14 milyondan 72 milyonadək, polipropilendən hazırlananlar isə 79 milyon mikrohissəsik buraxır. Bu göstəriciləri qrama çevirsək, görərik ki, il ərzində kəsdiyimiz qidalara qarışan 7,4 qram ilə 50,7 qram arasında plastik "yeyirik".

Avstriyalı alimlərin siçanlar üzərində apardıqları təcrübələr göstərir ki, mikroplastiklər istehlakdan cəmi 2 saat sonra beyinə çatır. Beləliklə, iltihablanan beyində altsheymer parkinson xəstəlikləri formalaşır...

Səbinə Həsənova
Firudin Həmidli

AzVision.az


Teqlər: mikroplastiklər  





Xəbər lenti