Çexiya prezidenti Kiyevi öz taleyi ilə barışmağa çağırıb

   Çexiya prezidenti Kiyevi öz taleyi ilə    barışmağa    çağırıb
  24 Sentyabr 2024    Oxunub:1554
Ukraynalılar və Ukrayna tərəfdarları Rusiyanın müharibənin nəticələrinə görə işğal etdiyi ərazilərə nəzarəti ən azı bir müddət saxlayacağı faktı ilə barışmalı olacaqlar.
AzVision.az xəbər verir ki, Çexiyanın prezidenti Petr Pavel “The New York Times (NYT)” nəşrinə müsahibəsində belə deyib.

NATO-nun keçmiş yüksək vəzifəli generalı və Ukraynanın ən güclü tərəfdarlarından biri olan Petr Pavel Ukrayna ərazilərinin itirilməsini reallıq kimi qiymətləndirir. Onun sözlərinə görə, müharibə yorğunluğu “hər yerdə artır”.

Çexiya prezidenti bildirib ki, Ukrayna Moskvanın ələ keçirdiyi ərazilərin geri qaytarılması perspektivləri ilə bağlı “realist olmalıdır”. Çünki, bu müvəqqəti işğal illərlə davam edə bilər.

"Nə Ukrayna, nə də Rusiya müharibədə maksimum məqsədlərinə çatacaqlarını gözləyə bilməz. Ukrayna üçün bu, bütün ərazilərin, o cümlədən Krımın geri qaytarılmasını istisna edir. Rusiya üçün isə Moskvanın iddia etdiyi bölgələrdən Ukraynanın qanuni şəkildə çıxarılmasını əldə etmək mümkün olmayacaq. Ukraynanın məğlubiyyəti və ya Rusiyanın məğlubiyyəti haqqında danışsaq - bu sadəcə baş verməyəcək, buna görə də son nəticə orta xəttdə olacaq”, - Çexiya prezidenti bildirib.

Çexiya liderinin Ukrayna üçün heç də ürəkaçan olmayan bəyanatı fonunda Almaniya kansleri Olaf Çolz da Kiyevi məruz edəcək açıqlama ilə çıxış edib. “Tagesspiegel” agentliyinin yaydığı məlumata görə, Olaf Şolz Almaniyanın Qərb ölkələrini Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaq mənzilli silahlarla zərbə endirməyə icazə verməyə razı salmağa çalışmayacaq.


Şolz təsdiqləyib ki, o, Ukraynanın Rusiya ərazisini vura bilməsi üçün alman silahlarından istifadəsinə məhdudiyyətlərin yumşaldılmasını dəstəkləmir.

- Almaniya hökuməti Ukraynaya hərbi dəstək haqqında bir neçə qərar qəbul edib. Bu mənim üçün çox aydındır. Onların arasında Almaniyanın atəş məsafəsi ilə bağlı məhdudiyyətləri aradan qaldırmayacağı da var. Rusiyanın dərinliklərinə zərbə endirilməsi mənim şəxsi mövqeyimlə bir araya sığmır. Biz bunu etməyəcəyik. Bizim bunun üçün tutarlı səbəblərimiz var”, - Almaniya kansleri vurğulayıb.

Şolz həmçinin bir daha bildirib ki, Berlin NATO tərəfdaşlarının verdiyi qərarlardan asılı olmayaraq gələcəkdə Ukraynanı uzaq mənzilli dəqiq silahlarla təmin etməyəcək.

Almaniyanın hazırda Ukraynaya verdiyi ən uzaq mənzilli silah 84 kilometr məsafədəki hədəfləri vura bilən “Mars II” reaktiv yaylım atəşli raket qurğusudur. Berlin ondan və 56 kilometr mənzilli “Panzerhaubitze 2000” raketlərindən Xarkov vilayəti yaxınlığında Rusiya ərazisindəki hədəflərə qarşı istifadə etməyə icazə verir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Çexiya   Almaniya   Ukrayna  





Xəbər lenti