Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

   Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib
  24 Sentyabr 2024    Oxunub:571
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşüb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, İraq Prezidenti salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib, Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzulayıb. Ölkələrimiz arasında iqtisadiyyat, investisiya, turizm və nəqliyyat sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın həcminin artırılması məqsədilə mövcud potensialdan bəhrələnmənin vacibliyini vurğulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İraq Prezidentinə çatdıraraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq prosesi barədə ətraflı məlumat verib və İraq Prezidentinin COP29-da iştirakının iqlim dəyişikliyi ilə əlaqədar əməkdaşlığına ölkəsinin verdiyi dəstəyin və töhfənin bariz təzahürü olacağını bildirib.

Diplomat son iki il ərzində ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, ötən il 20-21 noyabr tarixlərində Prezident Əbdüllətif Camal Rəşidin ölkəmizə həyata keçirilən rəsmi səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin və əlaqələrin inkişafına böyük təkan verdiyini qeyd edib.

Əbdüllətif Camal Rəşid dünyanın əksər ölkələrinin əziyyət çəkdiyi yüksək temperatur, səhralaşma və quraqlıq kimi iqlim dəyişmələri və onun ətraf mühitə vurduğu fəsadlar fonunda COP29-un keçirilməsinin zəruriliyini vurğulayıb, iqlim dəyişmələrinin təsirlərini aradan qaldırmaq üçün əvvəlki konfranslar tərəfindən qəbul edilmiş qərar və tövsiyələrin həyata keçirilməsinin vacib olduğunu bildirib.

Görüş zamanı Azərbaycan ilə İraq arasında ticari-iqtisadi, investisiya, turizm, nəqliyyat, energetika və tikinti sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Səfir İraq Prezidentinə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

AzVision.az



Teqlər:





Xəbər lenti