"Siyasi, informativ müstəvidə ölkəmizə qarşı təhdidlər çoxalır" - Politoloq

   "Siyasi, informativ müstəvidə ölkəmizə qarşı təhdidlər çoxalır" -    Politoloq
  26 Sentyabr 2024    Oxunub:843
"Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında bir sıra mühüm məsələlərə toxundu. Xüsusilə regional təhlükəsizlik, ordumuzun gücləndirilməsi, Ermənistanla sülh prosesi, regionda pozucu qüvvələrin olması, regional geopolitik reallıqları bəzi güc mərkəzlərinin qəbul etməməsi məsələsi xüsusilə diqqət çəkdi. Eyni zamanda, Prezident bildirdi ki, quru sərhədlərin bağlanması bizi böyük fəlakətlərdən xilas edib. Bunun iqtisadi tərəfini prioritet hesab edərək bir sıra fikirlər söyləyən ekspertlər təhlükəsizlik amilini unudurlar".
Bunu AzVision.az -a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, təhlükəsizliyin qorunması üçün dövlətin quru sərhədləri bağlı saxlaması uğurlu bir siyasətdir:

Prezident sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
"Biz elə bir regionda yerləşirik ki, təhlükəsizlik meyarları digər amillərdən daha üstün hesab olunmalıdır. Dövlət ağlı, dövlət düşüncəsi, dövlət baxışları bunu tələb edir. Çünki siyasətdən uzaq, gündəmi izləməyən şəxslər də görür ki, ətrafımızda müharibələr genişlənir.

Şimal qonşumuz Rusiya Şərqi Avropada, Ukrayna cəbhəsində vuruşur. Bu müharibə ehtiyatların tükənməsi müharibəsinə çevrilib. Cənub qonşumuz İran da bu və ya digər formada müharibəyə cəlb olunub. Yaxın Şərqdə gedən müharibə günü-gündən yeni istiqamət alır. Belə olan təqdirdə ölkəmizə yad ünsürlərin, təhlükəsizliyə təhdid törədən elementlərin daxil olmasına icazə verə bilmərik.

Bu, ölkəmiz üçün də çox faciəvi nəticələr doğura bilər. Şübhəsiz ki, siyasi, informativ müstəvidə ölkəmizə qarşı təhdidlər çoxalır. Bəzi təhdidlər sərhəd tanımır. Kiber məkanda, internetdə, sosial şəbəkələrdə qarayaxma və çirkin kampaniyanın sərhədi yoxdur. Onlar yalnız şüurlara, təfəkkürlərə təsir etmək məqsədləri güdürlər. Bu da hibrid müharibənin bir tərkib hissəsidir. Buna da hazır olmalıyıq. Bunun qarşısının alınması mütləqdir və əsas məsələ bu gün sərhəd tanımayan təhlükələrin zərərsizləşdirilməsidir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   qurusərhəd   təhlükəsizlik  





Xəbər lenti