Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib | FOTOLAR

Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo turniri keçirilib    | FOTOLAR
  30 Sentyabr 2024    Oxunub:885
Sentyabrın 28-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunlarının qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi 40-cı açıq yubiley turniri keçirilib. Azərbaycan Cüdo Federasiyası (ACF) və ölkəmizin tanınmış idman klublarından olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirilən yubiley yarışı Həzi Aslanovun anadan olduğu Lənkəran şəhərində yerləşən Olimpiya İdman Kompleksində təşkil olunub.
Yarışın açılış mərasimindən əvvəl Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, “Azman Holdinq” şirkətinin və “Judo Club 2012”nin rəhbərləri, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) və Lənkəran Astara-Regional Gənclər və İdman İdarəsinin rəsmiləri, həmçinin ictimaiyyət nümayəndələri müasir və müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhər Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Ardınca iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Rəsmi heyət daha sonra Həzi Aslanovun Lənkərandakı ev-muzeyini də ziyarət edib.

Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində əvvəlcə iştirakçı komandaların paradı olub və Azərbaycan bayrağı arenaya gətirilib.


Mərasimi giriş sözü ilə açan Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Abdulla Qurbani yarış iştirakçılarını salamlayaraq ənənəvi turnirin beş illik fasilədən sonra Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə yenidən bərpa olunduğunu bildirib.

Turnirin baş hakimi, “Judo Club 2012”nin idman direktoru, Olimpiya dərəcəli hakim Fariz Hüseynov çıxış edərək 1975-ci ildə dahi siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan turnirin ölkəmizdə cüdonun inkişafı istiqamətində mühüm mərhələ olduğunu qeyd edib.Böyük ənənəsi olan turnirin beş illik fasilədən sonra yenidən bərpa olunduğunu vurğulayan F.Hüseynov bu yarışın iştirakçıları arasında dünya, Avropa və bir sıra mötəbər yarışların qalib və mükafatçıları olduğunu deyib.
Gənclər və İdman Nazirliyinin idman səfiri, cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov çıxışı zamanı turnirin əhəmiyyətini yüksək qiymətləndirib. Özünün də vaxtilə bu turnirdə iştirak etdiyini qeyd edən Bakı-2015 I Avropa Oyunlarının gümüş mükafatçısı bu yarışdan gələcəyin dünya, Avropa və Olimpiya çempionlarının çıxacağına əminliyini bildirib.

Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Kamran Talıbov General-mayor Həzi Aslanovun xatirə turnirinin paytaxtla yanaşı, müxtəlif regionlardan olan idmançıların və məşqçilərin potensialının artırılması, eyni zamanda klublar arasında əlaqələrin genişlənməsi və Azərbaycan Cüdo Federasiyasının əsas strateji hədəflərindən olan regionlarda cüdonun kütləviləşməsinə töhfə verdiyini qeyd edib.

Yarışların meneceri Ağayar Axundzadə turnirin təşkilatçılarına minnətdarlığını bildirərək iştirakçılara uğurlar arzulayıb.

Məşhur sərkərdənin nəvəsi, polis general-mayoru Həzi Aslanov turnirin təşkilatçılarına, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə və ənənəvi yarışın yenidən bərpa olunmasında göstərdiyi təşəbbüsə görə “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova minnətdarlığını bildirib.


Həzi Aslanov cüdoçularımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin Azərbaycanda idmanın bu növünün böyük gələcəyindən xəbər verdiyini diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra tədbir teatrallaşdırılmış bədii hissə ilə davam edib.
Yarışlar açıq elan edildikdən sonra final və üçüncü yer uğrunda görüşlərə start verilib.

Beynəlxalq Cüdo Federasiyasının təsdiq etdiyi qaydalara və ACF-in reqlamentinə uyğun olaraq təşkil edilən ənənəvi yarışda ölkəmizin 25-ə yaxın klubundan 120-dən çox ən güclü idmançısı iştirak edib.
18 yaşadək yeniyetmə cüdoçuların (2008-2010-cu illər təvəllüdlü oğlanlar) mübarizə apardığı turnirdə idmançılar 8 çəki dərəcəsində qüvvələrini sınayıblar. Yarışda uğurla çıxış edən “Judo Club 2012”nin komandası 2 qızıl, 2 bürünc medala sahib çıxıb. Klubun üzvlərindən Emil Hüseynli (-55 kq) və Zeyd Ələsgərov (-60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mehdi Eyvazov (-81 kq) və Xalid İlyasov (-90 kq) isə bürünc medallara layiq görülüblər. “Judo Club 2012” klubu bu nəticə ilə ümumi komanda hesabında ikinci yeri tutub. Respublika Kompleks İdman Mərkəzi (RKİM) 3 qızıl, 1 gümüş, 2 bürünc medalla birinci, “Sərhədçi” İdman Mərkəzinin komandası isə 1 dəst medalla üçüncü yerə sahib çıxıb.
Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdən ibarət olub.


Teqlər: Cüdo  





Xəbər lenti