Prezident Qərbi Azərbaycana qayıdışdan danışdı: Hər şey bizim əlimizdədir

      Prezident Qərbi Azərbaycana qayıdışdan danışdı:    Hər şey bizim əlimizdədir
  30 Sentyabr 2024    Oxunub:1380
Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışı zamanı deyib.

"O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir.

Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi.

Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir. Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır", - deyə o qeyd edib.

AzVision.az





Teqlər:





Xəbər lenti