Səkkiz ayda hərbidə baş verən cinayətlər azalıb

   Səkkiz ayda hərbidə baş verən cinayətlər azalıb
  01 Oktyabr 2024    Oxunub:1170
Ötən ilin səkkiz ayı ilə müqayisədə bu il qeydə alınmış cinayətlər, ümumilikdə 24,7 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər 25,9 faiz, qeyri-hərbi cinayətlər isə 23,4 faiz azalıb.
Bunu Azərbaycanın Hərbi prokuroru Xanlar Vəliyev "Respublika" qəzetində dərc olunmuş məqaləsində bildirib. O qeyd edib ki, öldürmə həddinə çatdırma cinayətləri 82,4 faiz, fərarilik cinayətləri 93,3 faiz, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər cinayətləri 28,1 faiz azalıb:

“Həmçinin hərbi xidmətdən yayınma cinayətləri 34 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 83,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 30,8, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, xuliqanlıq cinayətləri 75, rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri isə 59,7 faiz azalıb.

Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.”

AzVision.az


Teqlər:





Xəbər lenti