İrəvanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?

İrəvanda "DİN davası"  - SOROS-un əsas agenti niyə vuruldu?
  28 Noyabr 2024    Oxunub:467
Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan daxili işlər nazirinin müavini David Ambaryanı vəzifədən azad edib.
Onun yerinə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Armen Kazaryan gətirilib.

Bu gün isə Ermənistan mediası mövzu ilə bağlı diqqət çəkən məlumatlar yayıb. İddia olunur ki, daxili işlər nazirinin müavini sorosçu idi. “Hraparak” qəzeti yazıb ki, “Soros”un nazirlik daxilindəki əsas fiquru nəinki tutduğu vəzifədən, ümumilikdə struktura aid bütün işlərdən, sistemdən uzaqlaşdırılıb.

Qəzetin yazdığına görə, yeni nazir Arpine Sarkisyan "Soros"un agenti sayılan və nazirlikdə xüsusi ambisiyaları olan Ambaryandan qurtulmağa tələsirmiş.

Ermənistan DİN-ə qərbyönümlü Arpine rəhbərlik edəcək
Məqalə müəllifi iddia edib ki, o, keçmiş DİN rəhbəri Vahe Kazaryanın bu günlərdə işdən çıxarılmasından sonra nazir postunu tutacağını gözləyirmiş: "Bütün bu müddət ərzində o, Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin ayağını altını fəal şəkildə qazırdı”.

Qeyd edək ki, sorosçu Ambaryan struktur dəyişiklikləri və Daxili İşlər Nazirliyinin yaradılmasından sonra 2023-cü ilin yanvarında müavin təyin edilmişdi. Bundan əvvəl o, sonradan Daxili İşlər Nazirliyinin tərkibinə daxil olan Fövqəladə Hallar Nazirliyinin rəis müavini vəzifəsində çalışıb.

Yeri gəlmişkən, yeni nazir Arpine Sarkisyan da Qərblə sıx əlaqələri, qərbyönlü siyasəti ilə tanınır . O, həmçinin ABŞ-nin Ermənistandakı səfirliyi ilə aktiv şəkildə əlaqələr qurur. Arpine Sarkisyan DİN rəhbərinin müavini çalışıb. O, bu vəzifəyə təyin olunmasından sonra onun Vahe Qazaryanı əvəzləyəcəyi barədə yazılırdı. Mətbuatda yer alan məlumatlara görə, Qərbdə məhz qadın fiqura arxalanırlarmış. Onlar Ermənistanın hüquq-mühafizə sistemini fəal şəkildə maliyyələşdirir və müəyyən islahat məsləhətləri veriblər.

Xatırladaq ki, bir neçə gün öncə daxili işlər naziri Vahe Qazaryanın digər rəsmilərlə birlikdə baş nazir Nikol Paşinyanın xahişi ilə istefa verməsi xəbəri yayılmışdı. Bundan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzaladı. Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk etdilər.

Ümumilikdə isə ölkədə istefa şousu cərəyan etdi. Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan vəzifədən uzaqlaşdırılıblar. Bundan başqa, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifələrini tərk ediblər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   DİN  





Xəbər lenti