Yeni aytacların olmaması üçün...

Yeni aytacların olmaması üçün...
  04 May 2015    Oxunub:8786
Əzizə İsmayılova
Jurnalist-aparıcı

11-i sinif şagirdi Aytac Babayevanın vəhşicəsinə qətlə yetirilməsi haqda yazılanları və ətrafında gedən müzakirələri diqqətlə izlədim. Artıq neçə gündür gecə-gündüz yazılan fikirlər ətrafında uyğun bildiyim diskussiyalaradakı bəzi yanaşmalara qatılsam da, özüm üçün tam çözə bilmədiyim bir hadisə barədə münasibətimi özümə saxlayıram. Çünki, düzgün və ya yanlış olmasından asılı olmayaraq, özümün tam dərk edə bilmədiyim şey haqda bir söz belə yazmaq qabiliyyətim yoxdur.


Amma baş verənləri təhlil etməyə çalışdım. Hadisə ətrafında formalaşan fikrimi isə paylaşmaq istədim.

Təəssüf etdim ki, belə bir hadisəyə sağlam düşüncəli, insanlara düz yol göstərə biləcək ziyalı, mütəxəssis fikrinə rast gəlmədim. Çünki, onlardan fikir soruşan da olmadı. Halbuki, bu hadisə, nə qədər insanda psixoloji sarsıntı yaratdı. Kim bilir neçə ailə hələ nə qədər vaxt bu hadisənin xofu altında övladlarının hər saniyəsi üçün sarsıntı keçirəcək... Mərhumun ailəsi, elə qətli törədənin qohum-əqrəbası... yəqin ki, onlar da istəməzdilər böyütdükləri insan belə bir yırtıcı olsun...

Düşünürəm ki, bu yerdə psixoloq, ya bəlkə də kriminal işləri bilən hər hansı bir mütəxəssis məsləhəti mütləq lazım idi. Peşəkarların fikirləri cəmiyyətə daha faydalı ola bilərdi...

Sosial şəbəkələrdəki, saytlardakı şərhlər tükürpədici oldu. Gərilən beyinlər bu dəfə də hadisə fonunda bu fikirləri müzakirə etməyə başladılar.

İnsanların gərilmiş əsəblərini yatırda biləcək mütəxəssis əvəzinə, qızının parçalanmış cəsədini dünən torpağa qoyan ailənin ah-naləsinə yer vermək nə dərəcədə doğrudur bilmirəm, amma mənim baxış nöqtəmdə bu, yanan odun üstünə benzin tökmək kimi bir şey oldu. Bu dəfə yazılan şərhlər daha da qorxunc, daha da acımasızlığı ilə diqqət çəkdi.

Qızın oğlanla olan şəkilləri yayıldıqdan sonra və valideynlərinin "oğlan yalan deyir, qızımız onu tanımır belə", "11-ci sinifdə nə sevgi, qızımız universitetə hazırlaşırdı" kimi ifadələr işlətməsi, yazılan fikirləri daha da nəzarətsiz hala gətirdi... Oğlanın hərəkətinə haqq qazananlar artdı... Günahı qızda görənlər, valideynlər haqda artıq-əskik yazanlar çoxaldı... Sanki hadisə ətrafında bir xaos yarandı. Qorxunc olan o idi ki, bu şərhləri yazan təkcə ad yerində hansısa hərf birləşmələri, şəkil yerində ürək, maşın və ya `mişka` şəkli olan uşaq-muşaq deyildi...

Bu cinayətə haqq qazandıranlar arasında ali məktəbdə dərs deyən müəllimləri gördüm, bu düşüncə ilə övlad dünyaya gətirən anaları, oğul-qız tərbiyə edən ataları, nəvə sahibi olan nənə-babaları gördüm... Əgər onların övladları İzzət olmayıblarsa, demək ki, allah neçə-neçə Aytacların üzünə baxıb...

Və sonda

Bu hadisə ətrafında gedən müzakirələr və yazılan şərhlər əslində cəmiyyətə bir SOS siqnalı verdi. Baxın, ətrafımızda nə qədər potensial izzətlər var, nə qədər aytaclar ola bilər?!.. Haradadır o izzətlər? Sənin, mənim, onun, əmimizin, dayımızın, xalamızın və yaxud qonşumuzun evində... O izzətlər hər an bir Aytacı paramparça etməyə hazırdılar...

Bu hadisədən yazdıq, danışdıq... nəsə dəyişdimi və yaxud, dəyişəcəkmi?! Düşünmürəm.

"İctimai qınaq" adı ilə bu təfəkkürdə olanları küçələrə töküb "Aytac Babayeva" deyə qışqırtmaq necə, bu faciənin bir də törənməməsi üçün çıxış yoludurmu?! Xeyr. Təəssüf ki, bunlar heç biri çıxış yolu deyil.

Mənim gördüyüm çıxış yolu...

Düşünürəm ki, bu gün neqativlə qidalanan beyinlərdən pozitiv nəsə gözləmək, yayda qarın yağmasını gözləmək kimi bir şeydi. İnsanlara ağıl yox, seçim vermək lazımdı. Pozitivi, yaxşını bacardıqca çox təbliğ etmək lazımdır ki, insanlar ona tərəf yönəlməyi özləri istəsinlər. Təfəkkürü dəyişmək, işıqlı fikirləri təbliğ etmək lazımdır. Evdə "oğlum nə edir, düz edir" qaydası olmamalıdır. "Bilsəm ki, qızım filan şeyi edir başını kəsərəm", "Atası bilsə, öldürər", "Qardaşı bilsə, qıçını qırar" qorxusu ilə qız böyüməməlidir. İnsan elə bir məxluqdur ki, ona hər nə qədər qadağa qoyursan-qoy, bir gün onun içində "mən bunu edəcəyəm" əmri verildiyi an heç kimsə onu tuta bilməz. Ona görə uşaqlara inanmaq, güvənmək lazımdır ki, onlar da bizə inansınlar, güvənsinlər. Səhvlərini min dəfə başlarına vurub onları öldürmək yox, başa salıb, səhv olduğuna özünün inanmasına çalışmaq lazımdır. Mübahisə ilə, əmrlə, qadağa ilə çözülməz bu işlər.

Hər kəsin eyni anda, eyni şeyi danışdığı bir yerdə kimsə kimsəni heç bir zaman eşitməyəcək. ‎Aytac Babayeva‬larn olmaması üçün ‎İzzət‬ düşüncəli gənclər yetişdirməməliyik.

P.S. Allah hər iki ailəyə bu acını qaldıra biləcək qədər səbr və güc versin. Dünyadan gedənə isə rəhmət eləsin.



Teqlər:  





Xəbər lenti