Yetirdiyimiz və itirdiyimiz qəhrəmanlar

Yetirdiyimiz və itirdiyimiz qəhrəmanlar
  09 May 2015    Oxunub:3466
Vüsal Məmmədov

Bu gün Azərbaycanda formalaşan gənc nəsil 1941-45-ci illərin savaşını Böyük Vətən Müharibəsi kimi dərk etmir. Onları haradasa başa düşmək də olar: çünki həmin Vətən – yəni SSRİ,- artıq yoxdur. Amma bu, qətiyyən o demək deyil ki, o savaş bizim savaş olmayıb.


Almanların "Ost" planında Bakının 1941-ci ilin sentyabrının axırına qədər işğalı nəzərdə tutulurdu. Və tutub, başımızı sığallamayacaqdılar. Faşistlər artıq Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Ona görə də, cəbhəyə gedən 700 min azərbaycanlı həm də Azərbaycanı müdafiə ediblər. Tarix boyunca heç vaxt heç bir müharibədə bizdən bu qədər insan döyüşməyib. Başqa heç bir müharibədə 300 min qurban verməmişik.

Azərbaycanlılar faşizmlə ürəkdən, səmimi və ağlagəlməz mərdliklə döyüşüblər, xalqımızın necə qəhrəmanlar yetişdirmək potensialının olduğunu ortaya qoyublar. Biz haqsız yerə o qəhrəmanları unutmaq yolunu tutmuşuq – sanki o igidliklər bizim üçün edilməyib, guya o insanlar canlarını yalnız SSRİ üçün qurban veriblər. Qətiyyən. Hitler 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra hərbi məntəqəyə çevriləcək. "Mənim mübarizəm" kitabında isə yazırdı ki, müsəlman monqoloidlər – yəni o cümlədən də biz,- dağıdıcı qüvvədir, buna görə ali irqin qulları olmalıdırlar.

Böyük Vətən Müharibəsi göstərmişdi ki, Azərbaycan xalqı - əsl döyüşkən xalqdır, əsl əsgərdir, komandirdir, etibarlı arxa cəbhədir; göstərmişdi ki, bu xalqın damarında döyüşçü qanı axır, ruhunda cəngi var, lazım olanda yox yerdən qəhrəmanlar yetişdirə bilir. Bax, biz o qəhrəmanları simvollara çevirməli olduğumuz halda, unutmaqla böyük səhv etdik.

Bu gün gənc nəsildən məsələn, Gəray Əsədovu kim tanıyır? Beyləqandan olan sadə bir kəndçi balası Rumıniyadakı döyüşlərdə alman pulemyotunun qabağını sinəsilə kəsmişdi ki, rotanın hücumu davam etsin.

Hüseynbala Əliyev Leninqrad səmasını müdafiə edərkən, 17 ölümcül güllə yarası alsa da, təyyarəsini yerə endirə bilmişdi.

Qafur Məmmədov komandirinə atılan güllənin qarşısına atılmışdı ki, özünün başlatdığı hücum dayanmasın.

Novqorod vilayətində İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmənin qarşısını kəsərək, müdafiəmizin möhkəmlənməsinə imkan yaratmışdı.

İndi dünya geosiyasətinin düyün nöqtələrindən biri olan Sevastopola bayrağı 10 gün davam edən döyüşlərdən sonra 1943-cü ilin 7 mayında azərbaycanlı serjant Əbduləziz Qurbanov sancmışdı.

Onların hər birinin şücaəti insanı heyrətə gətirir. Və göstərir ki, biz kimik, damarımızda hansı qan axır. Həmin igidliklərin kökü var: bizim Naxçıvanski, Mehmandarov, Şıxlınski kimi böyük hərbçilərimiz olmuşdu. II Dünya Müharbəsində göstərilən qəhrəmanlıqlar sadəcə, o ənənənin davamı idi. Həmin qan sonradan Birinci Qarabağ savaşında da qaynamışdı.

Şüşada əsir düşməmək üçün sonadək döyüşüb həlak olan, cəsədi də orada qalan Şahin Əhmədzadə, gülləsi qurtarandan sonra erməniləri özünə lap yaxına buraxıb, əlindəki qumbaranı partladan Məzahir Rüstəmov bu qanı daşıyırdılar.

Cəbrayıl rayonunun şəhər sovetinin sədri olmuş İlqar Mehdiyev əsir götürüləndən sonra ermənilərin kamerasının qabağında onların bayrağına tüpürüb, Azərbaycan bayrağını öpdüyü üçün dəhşətli şəkildə döyülərək, damarlarına dizel nefti vurulmuşdu. Amma heç nəyə baxmayaraq, sınmayan bu şəxsin necə bir gen, necə bir ruh daşıdığını dərk etməkdə insan ağlı acizdir.

Çoxunun heç adını da bilmədiyimiz minlərlə bu cür qəhrəmanların hər bir dövrdə yetişməsi göstərir ki, biz kimik. Əlbəttə, hər xalqın şərəfsizləri də, nakəsləri də olur, amma biz bu cür kişilərlə eyni qanı daşıyırıq. Və bu, həm də gələcəyə inam yaradır. Biz qəti şəkildə əmin olmalıyıq ki, belə döyüşçülər, belə kişilər yetirməyə qadir olan xalqın torpaqları işğalda qala bilməz.


Teqlər:  





Xəbər lenti