Bakı zibildən necə təmizlənir?
V. Babanın sözlərinə görə, tullantıların idarə olunması sahəsində ən arzuolunmaz üsul onun torpağa basdırılaraq zərərsizləşdirilməsidir. Bu üsuldan istifadəni azaltmaq üçün dünyanın qabaqcıl ölkələrində tullantıdan müxtəlif formalarda faydalanmaq siyasəti həyata keçirilir. Məsələn, tullantılardan təkrar emal zamanı xammal kimi istifadə edilir. Həmçinin, tullantılar yandırılır və bu zaman ondan elektrik və istilik enerjisi alınır:
“Qərb ölkələri tullantılarından maksimum dərəcədə təkrar emal və enerji xammalı kimi istifadə etməyə çalışır. Bu müasir yanaşma Azərbaycanda da tətbiq olunur. “Təmiz Şəhər” ASC-dən verilən məlumata görə, Azərbaycanda həyata keçirilən tullantıların idarə edilməsi siyasəti nəticəsində son 4 ildə Bakıda basdırılaraq zərərsizləşdirilən tullantıların miqdarı 4 dəfə azalıb. Balaxanı qəsəbəsində tullantıların çeşidlənməsi və yandırılması zavodları fəaliyyət göstərir ki, basdırılmaya qədər yuxarıda qeyd olunan proseslər həmin zavodlarda həyata keçirilir. Belə ki, 7-8 il bundan əvvəl Bakı şəhərindən yığılan tullantılar Balaxanı poliqonuna və digər tullantı sahələrinə daşınırdı. Açıq vəziyyətdə qalan tullantılar isə ekoloji fəlakətə yol açırdı. Tullantıların atıldığı bu ərazilərdən yayılan üfunət hətta uzaq məsafələrdə də hiss olunurdu. Paytaxt sakinləri yaxın keçmişədək Balaxanı poliqonundakı tüstülənmədən və üfunət iyindən əziyyət çəkirdi. Hazırda Bakı şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdan yığdığı tullantını “Təmiz Şəhər” ASC-ə təhvil verir”.
Səhmdar Cəmiyyət qəbul etdiyi tullantıların çeşidləməyə yararlı hissəni Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləndiyini söyləyən ASC sözçüsü onu da qeyd edib ki, plastik, metal, kağız, şüşə kimi materiallar ümumi kütlədən seçilir və bu materiallar təkrar məhsul emal edən müəssisələrə göndərilir: “Yandırılmaya yararlı hissə digər zavodda – Tullantıların Yandırılması Zavodunda yandırılır və ondan elektrik enerjisi istehsal edilir. Bu enerji ilə həm zavod öz ehtiyaclarını qarşılayır, həm də istehsal etdiyi enerjini ölkənin ümumi enerji şəbəkəsinə ötürür. Tullantıların Yandırılması Zavodu tərəfindən indiyədək 366 milyon 740 min kilovat saat elektrik enerjisi istehsal olunub ki, onun da az bir hissəsi daxili ehtiyaclar üçün sərf olunub və qalan 306 milyon 920 min kilovat saat elektrik enerjisi ümumi şəhər elektrik şəbəkəsinə verilib. Təkrar emala və yandırılmaya yararlı olmayan tullantılar isə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda basdırılaraq zərərsizləşdirilir”.
V. Baba deyir ki, 2011-ci ildə 900 min tona yaxın tullantı basdırılırdısa, 2014-cü ildə bu miqdar 230 min tonadək azalıb. Bu isə son 4 ildə basdırılan tulantıların miqdarının 75% azalması deməkdir. “Təmiz Şəhər” ASC bu istiqamətdə fəaliyyətini davam etdirir və tullantıların tərkibində mövcud xammal və enerji dəyərlərinin bərpasına daha çox üstünlük verilir. Onun sözlərinə görə, 2016-ci ilin sonunadək Balaxanı poliqonunu tam sanitar poliqon səviyyəsinə gətiriləcək və burada basdırılan tullantıların çürüməsi nəticəsində əmələ gələn qazlar tutularaq emal ediləcək və enerji əldə olunacaq.
AzVision.az
Teqlər: