`Yorulanda deyirəm `məni öpün` - atv.az-dan reportaj

  18 May 2015    Oxunub : 61423
`Yorulanda deyirəm `məni öpün` - atv.az-dan reportaj
...Həmin gün ən böyük istəyim uçan xalçamın olması idi ki, Bakı -Sumqayıt tıxacını yarıb hamıdan tez atv.az saytının redaksiyasına çatım. Ona görə hamıdan tez ki, görüm kim işə vaxtında, kim isə fil qulağında yata-yata gəlir...

ATV telekanalının binasında yerləşən saytın çox da böyük olmayan otağına daxil olan kimi baş redaktor Bəxtiyar Əlirzayevin ilk sualı belə olur: “Nə yazassınız?”, “Nədən yazassınız?”

Redaktorun sualını cavablandıra-cavablandıra bizə baxıb gülümsəyən qələm əhlini süzüb, ab-hava ilə tanış oluruq. Digər redaksiyalardakı kimi burada da hər kəs başını aşağı salıb, işini görür, arada da boylanıb bizə baxırılar. “Salam–sağ ol”, “nə var-nə yox”dan sonra otaqda olanı-bitəni izləyə-izləyə baş redaktora yaxınlaşıram... Və söhbət əsnasında başa düşürəm ki, redaksiyanı öyrənmək üçün heç uçan xalçaya, teleskopa ehtiyac yoxdur. Bəxtiyar müəllim sağ olsun, üzdə “biz mehriban ailəyik”, arxada “mehriban düşmənik” maskasını taxıb, boğazdan yuxarı danışmır. Sayt və onun əməkdaşları ilə bağlı ürəyində olanları dilinə gətirir:



- Atv.az artıq 5 ay olar ki, aktiv şəkildə, var gücü ilə işləyir. Hələ buna da `var gücü` ilə demək olmaz. Çünki bizim nəzərdə tutduqlarımızın hələ 8%-i həyata keçib. Saytın bir ili tamam olana kimi nəzərdə tutmuşuq ki, işin heç olmasa 70-80 %-ni başa çatdıraq. Sayt elə bir şeydir ki, orada iş kənd evinə oxşayır, heç vaxt bitmir. Hətta gecə saat 3-4-də belə oyansan, yenə də iş var. 10 il bir saytın üzərində işləsən də, azdır. Bu baxımdan, heç vaxt demək olmaz ki, yüzdə yüz hər şeyi həll etmişik. Amma gördüyümüz işlər nəticəsini verir, artıq kifayət qədər tanınır, efirin məhsulunu çox rahatlıqla sayt oxucularına təqdim edirik. Düşünürəm ki, haradasa 2-3 aya bir neçə layihəmiz başa çatsa, gündəlik 200 mini yaxalayarıq.

-Bu qədər çox işin arasında yəqin ki, gərgin olmamaq mümkün deyil?..

-Əlbəttə, xəbərin verdiyi bir gərginlik var. Bir də xəbərə xəyanət etməmək məsələsi var. Xəbərə xəyanət edənlər iki cür olur: Biri var, xəbəri görüb yazmıram, biri də var ki, xəbəri görür və etinasız yanaşıram, gec verirəm. Bizim əsas məqəsdimiz aldığımız məlumatı tez çatdırmaq olmalıdır.

- Sizdə daha çox kim xəbərə xəyanət edir?

-Bizdə hamı xəbərə xəyanət edir. Məni ən çox əsəbləşdirən şey odur. Açığını deyirəm...

-Bəs necə cəzalandırırsınız elə olanda?

- Cəza üsulu əsəbləşməyimdir. Əsəbləşdimsə, üzümü heç kim görməsin.

-Ən çox o üzünüzü kimə göstərirsiniz?

-Burada bircə Bahadur Qobustana heç vaxt əsəbləşməmişəm. Qalan hamısına əsəbləşmişəm. Ən çox əsəbləşdiyim də Əziz Əlibəyli ilə Oral Mədənçidir. Biri axşam, biri də gündüz redaktorudur.



- Əzizin günahı nədir ki?

-Günah yox, qüsur deyək. Əslində çox yaxşı işçidir. Sadəcə olaraq, gözlənti məsələsi var. Bir adamdan gözləntin yüksək olanda və o, gözlədiyini verməyəndə o dəqiqə özündən çıxırsan.

Redaksiyada ən çox xoşuma gələn isə qeybətin olmamasıdır. Çünki harada işləmişəmsə, görmüşəm ki, kollektivi parçalayan şey qeybətdir. Bu da əsasən xanımlar arasında olur. Ona görə də mən var gücümlə bu məsələlərə diqqət edirəm. İkincisi isə heç vaxt onların şəxsi həyatına qarışmıram. Baş redaktordan çox böyük qardaş kimi davaranıram. Əgər bir problemi varsa, qarışqanın xalı boyda da olsa, nə isə bir şey etməyə çalışıram.



Bizdə maddi baxımından cəzalandırma üsulu yoxdur. Çünki maddi cəza kəsilirsə, onda yaxşı iş görəndə də onun 3 qat mükafatı olmalıdır. Əgər bu sistem yoxdursa, maddi baxımdan cəza da olmamalıdır. Dostluq daha çox qabardıldığına və ailə mühiti yaradıldığına görə, tənbeh daha kəskin təsir göstərir. Məsələn, kiməsə deyəndə ki , “bu gün işə niyə gecikmisən”, sabah o, gecikmir. Ən çox gecikənimiz də Orxandır. Hər gün işə gecikir. Axır vaxtlarda yaxşı işləmir. Bir də Əfruzə gecikir. Məsələn, keçən dəfə demişəm ki, bir ay heç kimə icazə verməyəcəyəm. Əfruzə də səhərisi gün gedib dayısı arvadına zəng etdirib ki, bizim işimiz var, olarmı Əfruzə bu gün işə gəlməsin? Bilir ki, dayısı arvadının sözünü yerə sala bilmirəm. Hətta fikirləşdim ki, bəlkə rəfiqəsidir, dayısı arvadı adı ilə danışır. Əfruzədən gözləmək olar.

Madam ki, Əfruzədə bu potensial var, Bəxtiyar müəllim, işinizi ehtiyatlı tutun, gələn həftə əmi arvadının baldızının yeznəsinin bacanağı arvadından da zəng gələ bilər.



`A tövbə`, `iki balamın canı` – əşşi, and içən mən deyiləm. Redaksiyanın müxbiri Gül Məlikzadədir. Gün ərzində ən çox bu sözləri işlədir. Yəqin ki, “Bizimkilər”, “Çək-çevir” və ”Güllə” layihələrində müsahiblərini dilə tutmaq üçün olmayan iki balasının canına and verir, sonra da arxada `a tövbə ki, mənim iki balam var`,- deyir.

Nərgiz isə “nənə” ləqəbini götürsə də, ağayanlıq etmir, yetənə yetir, yetməyənə də söz atır.



- Burada əsas işim tərcüməçilikdir. Bəzi iradlardan sonra mövzular da işləməyə başlayıram. Saytlara baxıram, dünya mətbuatını izləyirəm.

- İşçilərlə necə yola gedirsən?

-Bəzi işçilər var ki, onlara buradan söz atıram. Düzdür, xoşlarına gəlmir. (gülür). Amma əslində elə də problem olmur. Yəni normal söz atıram da...

- Niyə özünə görə deyilsən, yetənə yetib, yetməyənə daş atırsan?

- Arada olur da... (gülür). Qıcıqlanıram, əsəbi vaxtıma düşür, və ya iş çox olur.



- Səni yerində otuzduran yoxdur?

- Hələ olmayıb. (gülür).

-Bəs redaktor danlayanda nə edirsən ?



- Redaktor danlayanda elə mağmun sifət alıram ki, elə bil dünyada məndən məsum adam yoxdur.

Sən yenə şükürlüsən ay Nərgiz, mağmun sifəti alıb, günahını yuyursan. Müxbir Natavan Abdullayeva isə redaktorların “əzrailinə” çevrilib. Ömürlərindən gün alır. Niyəsini özü desin:



- Sosial və kriminal sahə üzrə müxbir işləyirəm. Kriminal sahəyə yeni başlamışam. Hələ ki, təcrübə yığıram. Mümkün qədər kimdən nə öyrənə bilərəmsə, öyrənirəm. Çünki onlar qoca qurddurlar, hər şeyi bilirlər.

- Qoca qurdlar kimdir ki, burada?

- Bəxtiyar və Elşən müəllim, İlham Tumas, Əziz hocam.

-Ən çox öyrətməyə hansı meyillidir?

-Əziz Əlibəyli. Təzə gələndə düşünürdüm ki, onu infarkt edəcəyəm. Kifayət qədər səbirli, hər şeyi öyrədən insandır. Bəzən əsəbləşir, başına vurur, sonra yenə çağırır: `gəl burada otur, bunu belə et, onu elə et...` Həqiqətən vicdan əzabı çəkirəm. Ancaq bəhrəsini verir, öyrənirəm.



- Ona görə saçı ağarıb?

- (Gülür) Hamısının səbəbi mənəm. İndi də İlham Tuması infarkt edəcəyəm. İlham müəllim, düzdür, səbrli insan deyil. Ancaq ağladanın yanında oturmaq yaxşıdır.

Əziz Əlibəyli: Birdən elə vəziyyət yaranır ki, psixoloji olaraq o an əl atıb öz saçını yolursan. O vəziyyət olur. Olan şeydir də. Ancaq tez-tez olmasa yaxşıdır.

- Kim daha çox əsəbləşdirir?

- Natavan xanım, düzdür, gözəllik və əsəbləşdirmək paradoksdur, ancaq həqiqətdir. İşin içərisində əsəbləşmək məncə, lazımdır da. Uşaqlarımız da şən, mehribandırlar. Ayrı vaxt olsaydı, sizi kabab ilə qarşılayardıq. Amma indi elə vaxt gəlmisiniz ki, ayın biridir, maaş isə ayın 3-4-ü olur... (gülür).



Yenə siz yaxşısınız, ay Natavan xanım. Sizinlə işləyən redaktorlar əsəbləşib başlarına vurmaqla, saçlarını yolmaqla kifayətlənirlər. Redaktor Elşən Ağayev isə müxbir Əfruzə ilə bir “böyrəyin” söhbətini edir.



Elşən Ağayev:
- Qarşımıza məqsəd qoymuşuq, məqsədimizə çatmaq üçün də əlimizdən gələni edəcəyik. Şou -biznes müxbiri Əfruzə ilə işləyirəm, ən əsası odur. Mən eşitdiyimə görə buradan əvvəl işlədiyi yerdə heç kimi infarkt etməyib, belə baxıram ki, elə burada bizi edəcək.

Elə bu dəm Əfruzə:



- Bura, görürsünüz də, necə isti olur... Dəhşət. Elşən müəllimin əlindən biz burada qapı aça bilmirik, öldürür bizi. Deyəndə ki, pəncərəni, və ya qapını açaq, deyir, böyrəklərini çıxar, qoy stolun üstünə. Ona görə də bütün günü qırışırıq. Amma buradan o biri otağa nə mən gedə bilirəm, nə də ki, o. Bir-birimizi gözümüzdən qoymuruq. Yazı sayta getməyənə qədər kişini infarkt edirəm. (gülür)

Elşən :
- Hər müxbirin müsahibə ala bilmədiyi insanlardan sözü elə dartıb alır ki, müğənninin heç xəbəri də olmur ki, nə dedi. Müğənnilər yazı, və ya fotosessiya gedəndən sonra Əfruzəyə yalvarırlar ki, onu çıxart. Halbuki, fakt var, onu deyiblər, və ya çəkiliblər. Biz də müəyyən mənada güzəştlər edirik. İndi Əfruzədir də, onun sözünü yerə salammarıq.

Əfruzə :- Mən heç vaxt demirəm ki, saytdan çıxarın. Bəxtiyar müəllimə zəng edib yalvarırılar, onda çıxardır.

Elşən: - Elə şeydə qəddarlığı var.

Elşən Ağayevlə söhbətin qızğın yerində Əfruzə fotoqrafımıza: “Bax, pis düşsəm, vay halına! Sənin torbanı şou-biznesdə elə tikərəm ki! Nito düşmürəm, sən allah, ədə, məni yandan çəkmə. Burnum əyri düşür... Bunu yazma, ha..`



Necə yəni, `yazma`? Nəzərə al ki, qəddarlıqda heç biz də səndən geri qalmırıq. Necə deyərlər, dinsizin öhdəsindən imansız gələr.

İndi isə Bəxtiyar müəllimin dediyi icazə məsələsini öz dilindən də eşidək, ay Əfruzə:
- Bəxtiyar müəllim iclasda demişdi ki, heç kim məndən bir ay icazə almasın. Mən də utandım da, üz-üzdən utanır axı. Ancaq səhər mütləq getməliydim. Dayım arvadına dedim ki, mən utanıram, sən Bəxtiyar müəllimdən icazə al. Dayım arvadı da çox danışandır. Bəxtiyar müəllim elə bir “alo” deyib, dayım arvadı başlayıb, redaktorumuz da qulaq asıb. Axırda Bəxtiyar müəllim deyib, “hə, yaxşı, yaxşı...”. Sabahı gün tez gəlib yerimdə oturdum, Bəxtiyar müəllimin sifətinə bir gün baxmadım ki, heç nə deməsin. İndi birinci dəfəydi sizə danışdı. Belə taktikalar hərdən olur. (gülür).

İşə gecikirsən?

- Buzovnadan gəlirəm deyə yolum uzaqdır. Ona görə də gecikmə hərdən olur. Tez -tez gəlib içəri girirəm, guya təngənəfəs olmuşam. Onu elə tərzdə edirəm ki, üstümə qışqırmasınlar. Guya bütün yolu qaça-qaça gəlmişəm. Gecikirəm də, nə edim? Amma əvəzində axşamlar çox qalıram. Elə olub ki, gecə saat 3-də atv-nin maşını ilə işdən evə getmişəm. Qalıb işləmişəm. Çünki işimi çox sevirəm.

Ən çox başıma gələn “Sarmaş-dolaş” layihəmdə olur. Camaat geyinir mini yubkanı, çıxır maşının üstünə. Ayağını ayağının üstünə aşırır, oğlanın ağzına girir. Sonra da mənə yazır ki, sən çox pis insansan, mənim şəkillərimi saytdan çıxarmadın. Sizcə, bunda jurnalistin günahı var? Elə müğənni olmayıb ki, mən ona ağzıma gələni deyim, o da mənə desin. Elə şeyi xoşlamıram ki, kimsə mənə hörmətsizlik etsin. O həddə gətirib çıxarmıram.

- Müğənnilərin həddini bildirirsən, onu bildik. Bəs ofisdə necə?

-Ad çəkmək istəmirəm. Biri var idi, həddini bildirdik, getdi. Kollektivimizdə indi həqiqətən də elə ara qatan insanlar yoxdur.

Bahadur Qobustan – Bahadurluq edib, qəhrəmanlığını Qobustan qayalıqlarına yazdırmasa da, 5 barmağında 5 mərifəti var.



- İki gün saytada bir gün televiziyada işləyirəm. Vəzifəm redaktor getsə də, həftədə bir dəfə köşə yazısı yazıram. Ümumiyyətlə, saytın inkişafına kömək edirəm. Televiziyada işlədiyimə görə montajı da bilirəm. Verilişlərdən maraqlı hissəciklər olanda kəsib sayta yerləşdirirk. Bizim saytın TV hissəsi ayrıdır, əsasən ona baxıram. Orada bütün verilişlərimiz gedir. Azərbaycanda heç bir televiziyada belə bir şey yoxdur. Flaş bannerlər də hazırlıyıram.

Madam ki, bu qədər işləyirsən, bəs maaşından necə, razısan?
- Hələ ki, hə.

Əfruzə: - Mənə deyir ki, sənin də, mənim də maaşım bir az artsaydı, yaxşı olardı.

Bahadur: - Yalan söhbətdir.

Əfruzə: - Yalan deyil. (gülür).

Özünüz bilərsiniz, siz yalan-doğrunuzu müəyyən edin. Mən də danışım redaktorun bəh-bəhlə “təriflədiyi”, mövsümə görə halı dəyişən digər əməkdaş Orxan Muxtarlıdan.

- Redaktorun səndən narazıdır. Nə məsələdir?



- Yayın gəlişinə görə, mövsüm dəyişəndə bir az hal da dəyişir. Qış vaxtı adam daha çox evə tələsir, yatmaq, idman etmək istəyir. Baharın gəlməsi ilə isə daha aktiv olur. Hardasa insana bərk təsir edir. Olur belə şeylər. Ancaq hər bir işdə minimum və maksiumum orta hədd var. Çalışıram ki, orta həddi qoruyum. Verilişlər vaxtında sayta yerləşdirilsin və s. Maksimuma çatmağa hələ var, əvvəlki tempi tuta bilmirəm ki, əlavə yazılar və s. olsun.



Bu zaman Bahadur Orxan haqqında: - Pəhriz saxlayır, günə 3 `hell` içir, 5 qutu `fişka` yeyir. Bunu da qeyd edin.

Əfruzə: - Bütün günü gəlib deyir ki, `baxın, qarnım var`.

Orxan: - Mən heç olmasa dükana gedəndə bir `hell` alıram, amma bunlar iki litrlik alıb içirlər. Hələ şirniyatlardan danışmıram. Bahadur arıqlamaq istəyir, guya yeməyi az yeyir, ancaq bir çörəyin yarısını götürür. Bu da onun arıqlamaq metodikasıdır.

Mənim üçün ən yadda qalan maaş aldıqdan sonra yığışıb, deyib-güldüyümüz günlər olur. Düzdür, bəzən elə anlar olur ki, maaş alırsan, 3 gündən sonra yenidən səfil həyatı sürürsən.



Saytda kiminsə başı ağrıyanda 103-ə deyil, saytın tibb müxbiri Tahirə Əlirzayevaya müraciət edir.

-Redaksiyada ən çox kimi ”iynələyirsən”?

- Yox, burada hər kəs mənə sayğılı yanaşır deyə, mən də hamının xətrini çox istəyirəm. Ona görə də, heç kəsə dəyib-toxunmuram. Bu kollektiv mənə xoşdur.



- Bəxtiyar müəllimin həyat yoldaşısınız, bunun işə hansısa təsiri olur?

- Bəxtiyar müəllim hər kəsi danlayanda, məni də danlayır.

- Yəqin, siz də əvəzini evdə çıxırsınız?

- Mən də facebookda hirsimi bir-iki sözlə mesaj formasında ona göndərirəm. (gülür) Siz özünüz də qadınsınız. Bilirsiniz ki, adam hirsini boğa bilmir. Ancaq çalışırıq ki, redaktor-işçi münasibətimizi saxlayaq. Heç işə də gecikmirəm. Çünki bilirəm ki, işə gecikənlər danlanır. Məsuliyyətli oluram ki, sonra kimsənin ürəyindən keçməsin ki, yoldaşıdır deyə danlamır.

- Reklam meneceri Qəmər Əliyevanı da sizə təqdim edib, qaçıram redaksiyanın ikinci otağına.



3 nəfərin oturduğu ikinci otaqda ilk olaraq jurnalistikanın qoca qurdu, peşəsinin hər cikini-bikini bilən Vüqar Vüqarlıya yaxınlaşdıq.



- Hazırda idman və mədəniyyət sahəsindən yazıram. İdman və mədəniyyət şöbəsinin redaktoruyam. Azərbaycanda jurnalist fəaliyyətimə idmanla başlamışam. Burada da digər sahələrdəki kimi problem olur. Onlarda da içəridə çaxnaşmalar olur, sadəcə olaraq bunlar qabardılmır. Çünki heç də hər insan istəmir ki, idmançı ilə münasibətini pozsun. Amma mənim üçün problem deyil, istəyir dünya, istər olimpiya çempionu olsun. Əsas odur ki, nöqsanlara yol verməsinlər. Yol verildisə, bu, mütləq yazılmalı və araşdırmalıdır. Kimsə onların başının üstündə dayanmalıdır, ya yox?



Jurnalistika sayəsində çox şey görmüşəm. Məsələn, olub ki, hansısa insana pərəstiş etmişəm, ancaq onu yaxından tanıyandan sonra buna çox peşman olmuşam. Yaxşı insan olmaq nə peşədir, nə peşəkarlıq. İnsanlar görmüşəm ki, peşəkardır, ancaq insan kimi dəyəri olmur.

- Otaqda 3 nəfərsiniz, darıxmırsınız?
- Adətən İlham müəllim divara, mən pəncərəyə baxıram, əhvalımız pozulanda da xanıma baxırıq. (gülür).

- Bəs ilham müəllimlə zarafat etmirsiniz?
- İlhamla zarafat etmək olar, adamı güllələyərlər? (gülür).

Yaxınlaşırıq otaqda müsahibəyə gələn modeli sual-cavaba tutan redaktor İlham Tumasa.

- İlham müəllim necəsiniz?



- Belə də, qadan alım, gözəl qızların yanında gözəl olmaq olar ancaq. Bizim yaşımızın elə dövrüdür ki, gərək gözəllərin əhatəsində olaq ki, cavanlaşaq. Layihələrə nəzarət edirəm. Layihələri bu arada xanımlar apardığına görə, axşamacan onlarla çək-çevirdəyəm. Döyüşürəm, dalaşıram, nəhayət ki, layihələri təhvil alıram.

- Burada niyə `alman sistemi` yaratmısnız?

- Yaratmamışam, yaratmağa çalışıram. Bəxtiyar müəllimə demişəm, sən xarici işlər naziri ol, mən də daxili işlər naziri olacağam. Hesab edirəm ki, intizam, qayda-qanun olmalıdır. Gülnisə, məsələn, bilirəm ki, kaprizlidir, hər şey tez xətrinə dəyir, buna baxmayaraq, işlə bağlı onun xətrinə dəyirəm, dəyəcəyəm də. Yorulanda ya siqaret çəkirəm, ya da qızlarla zarafat edirəm. Məsələn, deyirəm, gəlin məni öpün. (gülür)

- Onlar da öpür?

- Niyə öpmürlər ki, qadan alım.

Və nəhayət, otaqda 3 nəfərdən biri olan, hər iki bəyin əhvalı pozulanda baxdığı Nigar Rəhimqızından danışaq.



Sosial müxbirdir, dünya mətbuatına istinadən xəbərləri sayta qoyur. Əsas işi də İlham müəllimdən keçir.

Bax, beləcə çörəkləri xəbərlərdən çıxan, xəbərçilərlə işimizi bitirib yollanırıq atv. az-çılarla nahar etməyə. Sağ olsunlar, digər reportajlarımızı izləyib bilirdilər ki, yemək məsələsində çox həssasıq, o yan-bu yan olsa, yazacağıq...

Şahanə Rəhimli
Fotolar: Nuran Məmmədov

Teqlər: