Bahar Muradova: “Hansı demokratiyadan danışmaq olar? – Müsahibə

Bahar Muradova: “Hansı demokratiyadan danışmaq olar? – Müsahibə
  16 İyul 2015    Oxunub:5223
“Öz mövqeyimizdən geri çəkilməməli, bütün səylərimiz birləşdirməliyik”

Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova AzVision.az-a müsahibə verib. O, müsahibəsi zamanı çox ciddi məqamlardan söhbət açıb:

- Bir neçə gün öncə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsi yekdilliklə qəbul olundu. Bu sənəd Azərbaycana nə vəd edir? Bunu Azərbaycanın Ermənistan üzərində qələbəsi kimi qiymətləndirmək olarmı?

-ATƏT PA-da son illər Helsinki Yekun Aktının vacibliyi ilə bağlı çox ciddi müzakirələr gedir. Bütün bunları nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti də ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki ruhuna və prinsiplərinə sadiq bir qətnamə layihəsi təqdim etdi.

Prosedura görə, bu qətnamə layihəsi digər parlamentarilərin də rəyi ilə təqdim olunmalı idi. 20 ölkədən 37 parlamentarinin imzaladığı layihə ən çox dəstək aldı və ATƏT PA-nın gündəliyinə daxil edildi. Parlament deputatları və Xarici İşlər Nazirliyi əməkdaşlarının üzərində çox ciddi işlədikləri bu sənəd bütövlükdə Helsinki Yekun Aktının prinsiplərinin bögələrarası münasibətlərdə əsas tutulmasının vacibliyini vurğulamaqla yanaşı, həm də ATƏT regionunda mövcud olan bir sıra münaqişlərlə bağlı çox balanslı və obyektiv müddəaları özündə əks etdirir.

Bu nöqteyi-nəzərdən həmin layihəyə dəstək verənlər çox oldu. Ermənistan tərəfinin təqdim etdikləri dəyişikliklərin içərisində millətlərin öz müqəddəratlarını təyin etmək hüquqları ilə bağlı müddəlar yer almışdı. Bu da təbii ki, Ermənistanın maraqlarına uyğun təkilf idi.

Bu təkliflər müzakirə prosesində haqlı olaraq Azərbaycan nümayəndə heyətinin üzvləri tərəfindən rədd olundu. Həmin dəyişikliklərin qəbul edilməsinin mümkünsüzlüyü çox ciddi arqumentlərlə əsaslandırıldı. Parlamentarilər də yekdilliklə bu qətnamayə səs verdilər. Helsinki Yekun Aktının prinsiplərini özündə əks etdirən bu sənəd də daxil olmaqla Helsinki Deklarasiyasının əleyhinə səs verən dövlət yalnız Ermənistan oldu. Bu da onu göstərir ki, artıq ATƏT PA-da fəaliyyət göstərən insanlar və onların təmsil etdikləri ölkələr həqiqətən də Helsinki Yekun Aktının prinsiplərinin pozulmasının regiona və ölkələr arasındakı münasibətlərə ciddi ziyan gətirdiyinin fərqindədirlər. Ona görə də bu məsələyə qarşı çox ciddi və prinsipal münasibət sərgilədilər. Bu prinsiplər təkcə ölkələr arasındakı konfliktləri və mübahisə doğuracaq məsələləri əks etdirmir. Bu həm də bütövlükdə ATƏT-in 3 istiqamətli fəaliyyəti zamanı əldə rəhbər tutulmalıdır.

Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü qətnamə layihəsinin qəbul olunmasının birinci ciddi səbəbi məhz hər kəsin bu istiqamətdə köklənməsi ilə əlaqədar idi. Ukraynada baş verən hadisələr, ölkələr arasındakı mənfi münasibətlər bir çoxlarını narahat edir. Onlar dünənə qədər münaqişlərin ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərlərin toxunulmazlığı çərçivəsində həllinin vacibliyi ilə bağlı bizim təklif etdiyimiz fikirlərə çox ciddi yanaşmırdılar və bununla bağlı susqunluq nümayiş etdirirdilər. Bu gün isə doğurdan da onlar Azərbaycanın irəli sürdüyü mövqeyin nə qədər vacib olduğunu dərk etdilər. Əgər dövlətlərin ərazi bütövlüyü, suverenliyi pozulursa, hansı demokratiyadan, inkişafdan və müqəddəratdan söhbət gedə bilər?

Bizim layihədə bu məsələ balanslı və güclü bir şəkildə irəli sürülüb. Yəni öz müqəddaratını təyinetmə prinsipi ölkələrin ərazi bötüvlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını güc və hədələmək yolu ilə dəyişdirmək kimi təfsiq oluna bilməz.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bu sənədə verdiyi şərhi xüsusilə əhəmiyyətli hesab edirəm. Və düşünürəm ki, bu sənəd yüksək səviyyədə siyasi dövriyyəyə gətirilməli və ona daim istinad olunmalıdır.

Bu sənəd bütövlükdə ATƏT PA-nın çox ciddi uğurudur. Çünki bu təşkilat həmişə sözügedən məslələrə görə ittiham olunurdu. ATƏT PA bu günə qədər xüsusi ilə Dağlıq Qarabağ məsələsi ilə bağlı ciddi bir sənəd qəbul etməmişdi və buna görə də hər zaman tənqidlərə məruz qalırdı. İndi isə belə bir sənəd var. Bu, Ermənistan da daxil olmaqla təcavüzkar siyasət yeridən və digər ölkələrin torpaqlarını özlərinə ilhaq edənlərə qarşı çox ciddi bir mesajdır. Hesab edirəm ki, bundan sonra ATƏT-in özü də qəbul etdiyi müddəalara əməl etməyə çalışmalıdır.

Bu sessiyada Ermənistan nümayədə heyəti təxribat xarakterli çıxışlar etməklə öz mövqelərini sübut edəcəklərini düşünürdülər. Amma əksinə oldu. Bununla da onlar bir daha qeyri-konstruktiv və Helsinki prinsiplərinə tam zidd mövqe tutduqlarını hər kəsə nümayiş etdirdilər. Nəticədə onlar ATƏT PA-da da öz rədd cavablarını aldılar.



- Bahar xanım, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirildi. Müşavirədə ölkə başçısı demək olar ki, son illərin ən sərt çıxışını etdi. Müşavirədə səslənən fikirləri necə şərh edərdiniz?

-Cənab prezidentimiz Avropadakı neqativ hallara qarşı sərt mövqe nümayiş etdirərək açıq şəkildə vurğuladı ki, biz istənilən ölkə ilə iki tərəfli, bərabər hüquqlu, qarşlıqlı hörmətə əsaslanan əməkdaşlığa və dostluğa hazırıq. Yalnız bu əsaslarda biz münasibətlər qura bilərik. Amma kimlərsə bizə öz iradələrini qəbul etdirmək istəyəcək, regiondakı məsələləri bir kənara qoyub Azərbaycanda problem axtarmağa çalışacaqlarsa və təzyiqlər göstərəcəklərsə, biz onların qarşlarında dayanacağıq.

Bu, çox qətiyyətli, öz ölkəsinin hüquqlarını və maraqlarını hər şeydən üstün tutan bir prezidentin möveyidir. Bu mövqeyi də Azərbaycan xalqı dəstəkləyir. Prezidentimiz doğru vurğuladı ki, Azərbaycandakı ictimai-siyasi prosseslərdə fəallıq göstərən insanlar və ayrı-ayrı qurumların fəaliyyətində bu mövqeyə uyğun gəlməyən hansısa bir məqamlar varsa, onlar bunu aradan qaldırmalıdırlar. Bu, bir göstəriş, istiqamət, çağırış və tələbdir. Çünki ölkənin istər xarici, istərsə də daxili siyasətini ölkənin prezidenti müəyyən edir və həyata keçirir.

Bizim mövqelərimiz də üst-üstə düşməlidir. Belə olmadığı təqdirdə əlbəttdə ki, tənqidlər olacaq.
Bu, inkişafımızı gözü götürməyən və Azərbaycanı gözdən salmaq kimi bir hədəfi öz üzərlərinə götürən dairələrlə əməkdaşlığa üstünlük verənlərə qarşı çox ciddi mesajdır.

Bu həm də həmin xarici dairələrə bir mesaj idi ki, Azərbaycanla yalnız dostluq və faydalı əməkdaşlıq əsasında münasibət qurmaq olar. Bundan kənar münasibətləri isə Azərbaycan heç vaxt qəbul etmir, etməyəcək də!

Bu mesaj eləcə də beynəlxalq təşkilatlara aiddir. Biz beynəlxalq təşkilatlarla da bərabər hüquqlu və ikitərəfli münasibətlərə üstünlük veririk. Üzvü olduğumuz təkilatlar qarşısındakı öhdəliklərimizi çox yaxşı dərk edirik və zamanında yerinə yetiririk.

Cənab prezidentin mövqeyində bu məqamlar çox açıq şəkildə özünü göstərdi. Yəni hansısa bir təşkilata üzvülük bizi Azərbaycan dövləti və xalqının maraqlarından keçməyə vadar edə bilməz. Bizə fayda gətirməyəcək əməkdaşlıqlar qurmayacağıq.

Prezidentimiz vurğuladı ki, Avropa İttifaqı ilə yeni bir əməkdaşlığın qurulmasına ehtiyac var. Bu barədə Azərbaycan artıq öz təkliflərini də verib. Qarşı tərəf də buna uyğun olaraq öz mövqeyini ifadə etməlidir.
Hesab edirəm ki, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlarda özlərinə yuva salmış bir qrup siyasətbaz Azərbaycanı qaralamaq istiqamətində müyyən fəaliyyət göstərməyə cəhd edirlər. Azərbaycanın həmin cəhdələrə qarşı sərgilədiyi mövqey isə bizim hər birimizin ürəyindən xəbər verir.

Hesab edirəm ki, Azərbaycanın bu mövqeyi bir çoxlarını bizimlə olan münasibətlərinə yenidən baxmağa vadar edəcək. Biz də heç vaxt öz iradəmizi başqalarına güzəştə gedərək nələrisə əldə etməyə çalışmayacağıq.

Hesab edirəm ki, cənab prezidentin qarşımıza qoyduğu məsələləri yerinə yetirərkən hər kəs həm danışıqlarına, həm də fəaliyyətlərinə nəzarət etməli və dövlətin yeritdiyi siyasətə uyğun gəlməyən mövqelərdən çəkinməlidirlər.

- Qarabağdakı qondarma rejim rəhbəri Bako Saakyan “Chatham House” İnstitutu tərəfindən Böyük Britaniyaya görüşə dəvət olunmuşdu. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Azərbaycan Böyük Britaniya, Fransa, Almaniya və s. kimi ölkələrlə münasibətlərini beynəlxalq hüququn prinsiplərinə uyğun, ikitərəfli, faydalı əməkdaşlığa əsaslanan formada qurur. Buna uyğun gəlməyən məqamlarla bağlı da mövqeyimizi ifadə edirik.

Azərbaycan dövlətinin mövqeyi bəllidir. Biz seperatçılığa dəstək verən, onları yüksək səviyyədə qəbul edən və bununla da ayrı-ayrı ölkələrin ərazi bötövlüyünə hörmət göstərməyən dairələrə qarşı öz tənqidimizi açıq şəkildə deyirik. Ermənistan tərəfi və onları dəstəkləyən bəzi dairələrin əsas məqsədləri isə Azərbaycanın digər ölkələrlə olan münasibətlərini korlamaqdır. Bu ən müxtəlif formalarda öz əksin tapır. Hər kəs bilir ki, Bako Saakyanın hanısa bir ölkəyə səfəri təşkil olunacaqsa, bu mütləq Azərbaycan tərəfini narahat edəcək və bununla bağlı sərt mövqey ifadə ediləcək.

Düşünürəm ki, Britaniya hökuməti və müvafiq qurumlar bu məsələlərin onların siyasətinə uyğun olmadığını vurğulamaqla yanaşı , belə halların qarşısını almağa da cəhd göstərməlidirlər. Biz həmin ölkələrin siyasi rəhbərlərindən belə addımlar atmalarını gözləyirik.

Necə ola bilər ki, Ukrayna seperatçıları başqa ölkələrə buraxılmırlar, onlara qarşı sanksiyalar nəzərdə tutulur. Hətta həmin separatçılara dəsftək vermələri səbəbindən digər ölkələrin yüksək rəsmilərinə viza qadağası qoyulur. Amma erməni seperatçılarına qarşı bu mövqe nümayiş etdirilmir?. Biz də belə hallara qarşı öz kəskin mövqeyimizi bildiririk. İstər İngiltərə, istərsə də Fransada həmin erməni seperatçılara qucaq açan dairələr var. Bəzən isə həmin dövlətlər açıqlama verirlər ki, o şəxslərin səfərlərini rəsmi dairələr təşkil etməyiblər. Rəsmi dairələr bu səfərlərə münasibət bildirməlidirlər. Ən azından viza qadağası qoya bilərlər. Burada ciddi narahatlığa əsas var. Odur ki, biz də öz mövqeyimizdən geri çəkilməməli, belə halların qarşısını almaq istiqamətində olan bütün səylərimiz birləşdirməliyik. Azərbaycanla böyük ölkələrin, paytaxtların münasibətlərini korlamağa xidmət edən layihələri zamanında pozmalıyıq.

-Ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin ötən gün kütləvi informasiya vasitələrində dəhşətli videoları yayılıb. Həmin kadrlarda girovlarımızın müəyyən işgəncələrə məruz qalmalarının əlamətləri hiss olunur. Ümumilikdə girovlarımızın geri qaytarılmaları ilə bağlı hansı işlər görülür?

-ATƏT-in Minsk Qrupunun vasitəçilyi ilə keçirilən prezidentlərin görüşündə girovların geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Azərbaycan bu danışıqlar zamanı əldə olunan öhdəliklərə sadiq qalsa da, qarşı tərəf bununla bağlı üzərinə düşən vəzifələri yerinə yetirmir.
Bu məsələ çox narahatlıq doğurur. Biz bu məsələni ATƏT sədrinin qarşında da qaldırdıq. Ona bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı sual ünvanladıq. Bildirdik ki, ATƏT-in Minsk Qrupu bu istiqamətdə niyə müəyyən addımlar atmır?

Qeyd etdik ki, Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı ermənilər qeyri-insani rəftar nümayiş etdirirlər, onlara isgəncə verilir və həyatları çox ciddi təhlükə qarşısındadır.

Bizim sualımıza da onun cavabı çox standart oldu. Təbiidir ki, bu bizi qane edə bilməz. Hesab edirəm ki, bütün imkanlardan istifadə etmək lazımdır. Ermənistana müxtəlif istiqamətdə təzyiq göstərərək, girovlarımızın azad olunmasına nail olmaq lazımdır. Bir il bundan əvvəl girov götürülmüş insanların bu gün tanınmaz bir hala düşdüyünü inkar etmək qəbul edilməzdir. Bu, ermənilərin beynəlxalq hüququn prinsiplərinə heç bir vəchlə əməl etməmələrini, əsir və girovlara qarşı qeyri-insani rəftar etdiklərini bir daha nümayiş etdirir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti