Azərbaycan yeni Konvensiyaya qoşulub

Azərbaycan yeni Konvensiyaya qoşulub
  21 İyul 2015    Oxunub:2178
İyulun 16-da Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Azərbaycan Respublikasının Beynəlxalq Dəmiryol Daşımaları haqqında Konvensiyaya (KOTİF) qoşulması barədə sənədin əslini Dəmiryol ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTİF) baş katibi Fransua Davenə təqdim edib.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən AzVision.az - a verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycanın bu təşkilata üzv qəbul olunması prosedurunun OTİF-in prosedura qaydalarına uyğun olaraq tamamlanmasından sonra Azərbaycanla OTİF arasında əməkdaşlığın perspektivlərini müzakirə etmişlər.

F. Daven Azərbaycanın KOTİF-ə qoşulmasından şad olduqlarını, Azərbaycanı nəinki bölgənin ən vacib ölkəsi, eləcə bütövlükdə OTİF üçün mühüm ölkə hesab etdiklərini, ölkənin bilavasitə təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini, xüsusilə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişini yaxından izlədiklərini və bu layihəyə böyük önəm verdiklərini vurğulayıb.

F. Daven həmçinin, 2015-ci ilin dekabr ayında Bakıda seminar təşkil etmək üzərində AR Nəqliyyat Nazirliyi ilə birlikdə çalışdıqlarını bildirib. O, bu seminarda iştirak etmək üçün Bakıya səfər etməyi böyük səbirsizliklə gözlədiyini söyləyib.

Sonda F. Daven Azərbaycanın KOTİF-ə qoşulması barədə sənədin əslini təhvil almağına dair OTİF-in notasını səfir Ə. Zeynallıya təqdim edib.


Teqlər:





Xəbər lenti