İran dünyanı necə dəyişə bilər?

İran dünyanı necə dəyişə bilər?
  23 İyul 2015    Oxunub:2817
Ötən həftə Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.
Belə ki, saziş mətnində beynəlxalq müfəttişlərin İranın bütün şübhəli obyektlərinə, o cümlədən hərbi obyektlərə baş çəkmək hüququ təsbit ediləcək. Həmçinin saziş imzalandıqdan sonrakı 1 ay müddətində İrana qarşı tətbiq olunmuş sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə ləğv olunacaq.

İran sanksiyaların ləğvindən sonra neft hasilatını ciddi şəkildə artırmağa və gündəlik 1,2 milyon bareldən 2,3 milyon barelə çatdırmağa hazırlaşır. Bu isə dünya bazarında neftin qiymətinə ciddi təsir göstərəcək.

Hazırda dünya bazarında neftin qiyməti 50-60 dollar arasında dəyişir. Ekspertlər hesab edirlər ki, İran nefti bazara daxil olandna sonra isə qiymətlər kəskin azalacaq.



Millət vəkili Vahid Əhmədov AzVision.az-a açıqlamasında bildirib ki, bu razılaşma neftin dünya bazarındakı qiymətinə təsir göstərəcək.

Onun sözlərinə görə, bu neft ixrac edən ölkələr üçün müəyyən problemlər yarada bilər: “İran son zamanlara kimi qapalı bir dövlət olub. İqtisadi, siyasi əlaqələri məhdud vəziyyətdə idi. Amma indi belə bir razılığın əldə olunması yüksək qiymətləndirilir. Amma digər tərəfdən qonşu dövlətimiz olduğu üçün bizim üçün də əhəmiyyət kəsb edir. Azərbaycanla bu baxımdan daha da yaxın qonşuluq siyasəti apara bilər. Yeganə problem isə neftin qiyməti ilə əlaqədar ola bilər. Çünki İran neft ixrac edən dövlətdir. Sanksiyalar olduğu üçün neft ixrac etmirdi. Razılıq tam əldə olunandan sonra bu sanksiyalar götürüləcək və o bazarda öz yerini tutmağa cəhd göstərəcək”.

İqtisadçı-deputat bildirib ki, neftin qiymətinin kəskin ucuzlaşması iqtisadi məsələ olmaqla bərabər, həm də siyasi məsələdir. O qeyd edib ki, dünya siyasi arenasında gedən proseslər neftin qiymətinin qalxmasına imkan vermir: “Bu həm də Rusiyaya qarşı edilən təzyiqlərin nəticəsidir. İran neftinin dünya bazarına daxil olması qiymətlərə müəyyən qədər təsir edə biləcək. Bu, bir müddət davam edəcək. Bu proseslərin isə əsas səbəbi Rusiya Ukrayna münasibətləridir. Bu münasibətlər müsbət həllini taparsa, neftin qiyməti ilə bağlı problem də müəyyən qədər öz həllini tapar. Bunun üçün də müəyyən addımlar atılır. Qaz ixracı ilə əlaqədar Ukrayna ilə Rusiya arasında müəyyən yumşalma prosesi gedir. Həmçinin Donetsk, Luqansk məsələləri Ukrayna dövlətinin ərazi çərçivəsində həll olunarsa, bu məsələ neftin qiymətinə öz təsirini göstərəcək”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti