`Azərbaycan Sterliqovu İnterpola verəcək` - Polad Bülbüloğlu

`Azərbaycan Sterliqovu İnterpola verəcək` - Polad Bülbüloğlu
  23 İyul 2015    Oxunub:2172
Azərbaycan Qarabağa qanunsuz şəkildə səfər edən Rusiyalı biznesmen Qerman Sterliqovun axtarışlarına İnterpolu cəlb etmək niyyətindədir.

AzVision.az-ın məlumatına görə, bu barədə `Kommersant FM` radiostansiyasına müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

`Cənab Sterliqov açıq siyasi təxribatla məşğul olur. Siz bilirsiniz ki, Qarabağ de-yure Azərbaycan ərazisidir. Bununla bağlı xeyli sayda hüquqi sənədlər, BMT Baş Assambleyası qərarları, Təhlükəsizlik Şurasının qərarları var. Yeri gəlmişkən, Rusiya Təhlükəsizlik Şurasının üzvüdür, o bu qərarın lehinə səs verib`, - deyə Polad Bülbüloğlu vurğulayıb.

Səfir həmçinin bəyan edib ki, Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Rusiya vətəndaşı kimi isə Sterliqov is `öz məsuliyyətini tanımalıdır`. Bundan əlavə səfir qeyd edib ki, İnterpolla müraciətlə yanaşı, Azərbaycan tərəfi Rusiya XİN-nə etiraz notası da göndərməyə hazırlaşır.

Qeyd edək ki, Baş prokurorluq Qerman Sterliqov barəsində cinayət işi açdı.

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, "German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri Qerman Sterliqov və onun ailə üzvləri Ermənistan Silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunlarını, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 4 iyul 2015-ci il tarixdə işğal olunmuş ərazilərə daxil olub.

Bundan başqa, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 13 iyul 2015-ci il tarixdə Şuşa şəhərində mətbuat kofransı keçirib özünə məxsus “V Kontakte” sosial şəbəkəsinə aid səhifəsində məlumatlar yerləşdirərək qondarma rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına, dini və etnik zəmində təfriqəyə, işğal olunmuş ərazilərdə təbii sərvətlərin qanunsuz istismarına, saxta pul vahidlərinin kəsilməsinə və çirkli pulların yuyulmasına yönələn açıq çağırışlar edib və qanunsuz biznes fəaliyyəti ilə məşğul olub, ailə üzvlərini bu işə sövq edib.

G. Sterliqovun hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti