Bakıdan Qərbə mesaj - `Nə istəyirsiniz?...`
“Azərbaycanda sabitlik, təhlükəsizlik qorunub saxlanmaqdadır. Eyni zamanda dinamik inkişaf davam etməkdədir. Müstəqil daxili və xarici siyasət xəttinin qorunması tarixi nailiyyətimizdir”. AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, Heydər Əliyev bu siyasətin, kursun əsasını qoyub, prezident İlham Əliyev xalqına bağlılığı, istedadı ilə bu missiyanı uğurla yerinə yetirir: “Neftin qiymətinin düşməsi ilə bağlı bir çox ölkədə problem yaransa da, Azərbaycanda belə problem yoxdur. Qeyri-neft sektorunda əldə olunan 9 faiz artım bunun göstəricisidir. Ancaq bunları görə-görə bizə etinasızlıq edilir. İşğalçı Ermənistana dəstək verilir, işğalçı ilə işğala məruz qalan ölkəyə fərq qoyulmursa, biz buna sakit yanaşa bilmərik. Ola bilər ki, Azərbaycanda kiminsə hüququ pozulur, amma hansısa hadisə baş verən zaman bununla bağlı Avropanın ən mühüm qəzetlərində məqalələr yazılırsa, niyə qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması ilə bağlı Avropa və Amerika qəzetlərində belə məqalələr tapmaq olmur? Qaçqın və məcburi köçkünlərimiz öləndə ata-analarının yanında dəfn edilməyi arzulayır, ancaq olmur. Onlar insan deyillər?”
N. Məmmədov bildirib ki, Almaniya və ABŞ səfirləri və ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri ilə görüşləri olub: “Bu görüşlərdə artıq deyirlər ki, bizi başa düşürlər. Onlar başa düşürlər ki, Azərbaycanı nəyəsə məcbur etmək düzgün deyil. Mən dəfələrlə bildirmişəm ki, niyə Azərbaycanla aranızda problem yaranmasını istəyirsiniz? Bu gün Yunanıstanla münasibətlərinizdə narazılıq yaranıb, Avropa İttifaqında bir sıra ölkələrlə münasibətlərdə də narazılıqlar yaranıb, nə istəyirsiniz?”
“Avropa İttifaqının prezidenti Donald Tuskla görüşlərdə əsas müzakirə olunan məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi olub” - deyən Novruz Məmmədov bildirib ki, D. Tusk Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini dəstəklədiyini bəyan edib
: “Biz 20 ildən çox Avropa İttifaqı ilə əməkdaşlıq etmirdik ki, indi də şıltaqlıq edək ki, əməkdaşlıq etmək istəmirik. Ancaq biz Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərlə bağlı ədalətli mövqe gözləyirik”.
N. Məmmədov bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə enerji, sülhyaratma proseslərində, mədəniyyət, idman sahələrində strateji tərəfdaşlıq edir: “Bütün bunlar bir reallıqdır. Çox qəribə bir situasiya var. Səfirdən tutmuş ölkə başçılarınadək bütün görüşlərdə Azərbaycanın zəruri əməkdaşlıq edilən dövlət olduğunu bəyan edirlər. Amma digər tərəfdən deyirlər ki, bu, qəzetdir, o belə yazıb, QHT-dir, belə bəyanat verib. Bu, ədalət tərəzisini pozur. Rəsmilər Azərbaycanın yüksək yerdə olduğunu bəyan edirlər, amma hansısa qəzet nəsə yazırsa, QHT bir bəyanat verirsə, bu, Azərbaycanın imicinə ziyandır. Belə mexanizmin Qərbə uğur gətirəcəyinə şübhəm var. Dünya dövlətlərinin çoxu bu yanaşmalara şübhə ilə yanaşır”.