Ankarada sürpriz görüş: türklər türkmənlərlə birləşdi

Ankarada sürpriz görüş: türklər türkmənlərlə birləşdi
  28 İyul 2015    Oxunub:3223
Türkiyədə İraq və Şam İslam Dövlətinə (İŞİD) qarşı başladılan əməliyyatlardan sonra Ankarada sürpriz toplantı keçirilib.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İŞİD və Əsədə qarşı mübarizə aparan 20 türkmən tuqayı Milli İstihbarat Təşkilatı (MİT) təşkilatçılığı ilə bir yerə toplaşıb.

Görüşdə yaradılması planlaşdırılan 5 min nəfərlik Türkmən ordusu ilə bağlı son detallar dəqiqləşdirilib.

Türkiyə ilə koordinasiyalı olacaq ordu bölgədəki etnik təmizliyə də mane olacaq.

Daha əvvəl Türkiyə baş naziri Əhməd Davudoğlu jurnalistlərə açıqlamasında `Bundan sonra sərhədlərimizdə İŞİD-i görməyəcəyik` demişdi.

Lakin o zaman baş nazir bu bəyanatının detallarını açıqlamamışdı. Ankarada baş tutan toplantının məhz bununla bağlı olduğu bildirilir.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti