Folklend problemi Bakıda müzakirə ediləcək

Folklend problemi Bakıda müzakirə ediləcək
  05 Avqust 2015    Oxunub:1901
19 avqust 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Malvina/Folklend adaları ətrafında mübahisə və beynəlxalq hüquq" mövzusunda tədbir keçiriləcək.

Tədbirdə argentinalı hüquqşünas, Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, eləcə də Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies, Geneva) professoru Marselo Kohen çıxış edəcək.

Məruzədə suverenlik ilə bağlı mübahisə doğuran iddialar və bu baxımdan dekolonizasiya kontekstində tətbiq edilən müvafiq qaydalar, o cümlədən ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri müzakirə ediləcək. Eləcə də beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsində dövlətlərin üzərinə düşən öhdəliklər nəzərdən keçiriləcək.

Dr. Marselo Kohen 11 avqust 1957-ci ildə Argentinanın Rosario şəhərində anadan olub. 1983-cü ildə Rosario Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Beynəlxalq Hüquq İnstitutunun (Institut de Droit International) üzvü, 1995-ci ildən isə Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf üzrə Tədqiqatlar İnstitutunun (Graduate Institute of International and Development Studies, Geneva) professorudur.

Dr. Kohen beynəlxalq hüquq üzrə ingilis, fransız və ispan dillərində çap edilmiş bir sıra nəşrlərin müəllifidir. Onun tədqiqat istiqamətləri arasında beynəlxalq hüquq nəzəriyyəsi, ərazi, dəniz hüququ və sərhəd münaqişələri, eləcə də beynəlxalq münaqişələrin həlli mövzuları var.

1997-ci ildə "Mübahisə doğuran mülkiyyət və ərazi suverenliyi" (Possession contestée et souveraineté territoriale / Adverse Possession and Territorial Sovereignty) mövzusunda yazdığı kitaba görə o, Paul Guggenheim mükafatı ilə təltif edilib. Argentina tərəfindən onun namizədliyi BMT-nin Beynəlxalq Hüquq Komissiyasına təklif edilib (2016-ci ildə BMT-nin Baş Məclisində keçiriləcək seçkilər zamanı bu müəyyənləşəcək).



Teqlər:





Xəbər lenti